Avropa Parlamenti yenə əleyhimizə səs verdi- SƏFİRLƏR NƏ EDİR?

Avropa Parlamentinin 15 martda qəbul etdiyi növbəti antiazərbaycan qətnaməsinin dövlətimizə elə bir ciddi təsiri olmayacaq. Çünki biz AB-nin üzvü deyilik. Əksinə, onların Azərbaycandan enerji asılılıqları getdikcə artır və yaxın gələcəkdə ölkəmizdən Avropaya elektrik enerjisinin ixracı nəzərdə tutulur.

Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq dövlət diplomatiyasının daha da çevik və effektiv hərəkət etməli olduğunu bildirib:

“Bizim diplomatiyamız öz fəallığını artırmalıdır. Torpaqlarımız işğalda olduğu illərdə AP ədalətli qətnamələr qəbul edərdi. Lakin İkinci Qarabağ müharibəsindən sonra biz Azərbaycan əleyhinə sənədlərin qəbul edildiyini görürük. Səbəblər arasında diplomatiyamızın da yaratdığı boşluqlar var. Azərbaycanın AB ilə tərəfdaş olduğu və doqquz ölkə ilə strateji sazişlər imzaladığı, qaz ixrac etdiyi halda AP-də, ölkə parlamentlərində dövlətimizin əleyhinə qətnamələrin qəbulu necə mümkün olur? Bəs bizim diplomatiyamız belə neqativ halların qarşısının alınması üçün hansı preventiv addımlar atır? Məncə, əsl cavablandırılmalı sual budur. Dediklərimiz boş-boşuna maaş alıb vaxt öldürən bəzi səfirlərimizə də aiddir. Avropadakı səfirlər belə qərarlar, qətnamələr qəbul edilməmişdən əvvəl hansı tədbirləri görüblər və indi nə ilə məşğuldurlar? Əgər irəliləyişə nail olmaq istəyiriksə, məhz bu sualları cavablandırmalıyıq”.