Ayətullah Xamenei: “ABŞ-ın başındakı adam bilsin ki, dəlilikləri cavabsız qalmayacaq”

İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei bu gün Qumda minlərlə insanın iştirakı ilə keçirilən görüşdə son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib.

ONN media-nın APA-ya istinadən məlumatına görə, Ə. Xamenei deyib ki, İranın düşmənləri ötən 40 il ərzində inqilabı qarışdırmağa çalışıb: “İnqilab düşmənin ölkədəki siyasi mövqelərini kökündən qopardıb. Düşmən indi də müqavimət göstərir və hər dəfə də məğlub olur. Millət tam gücü ilə Amerikaya, İngiltərəyə deyir ki, bu dəfə də bacarmadınız, yenə bacarmayacaqsınız”. 

Ayətullah Xamenei dürüst və haqlı tələbləri olan insanlarla qəddar və dağıdıcı hərəkətlər törədən insanlar arasında fərq qoyulmasının zəruriliyini vurğulayıb: “Haqlı tələblərlə küçəyə çıxanlar və vəhşilik törədənlər ayrı-ayrı dəstələrdilər. Bir dəstə insan məhrum olduğu bir şey üçün çıxıb, etirazını bildirir. Amma bundan istifadə edərək onlara qoşulub bayrağı yandırmaq, “Quran”ı və İslamı təhqir etmək, məscidə od vurmaq ayrı bir işdir. Bunları bir-biri ilə qarışdırmamalıyıq. Xalqa öz etiraz səsini bildirmək haqqı həmişə verilib. Bizə hər dəfə filan şəhərdə və ya məntəqədə filan müəssisə, idarə, yaxud parlament qarşısında camaatın etiraz etməsi məlumatı verilir. Heç kəs onlarla sərt davranmır. Gərək onlar dinlənilə və problemləri həll edilə”.

Ali rəhbərin sözlərinə görə, təhlükəsizlik orqanlarının məlumatları göstərir ki, ölkədə iğtişaş törədənlər xaricdən idarə olunublar: “İğtişaşların formalaşmasında 3 qrup fəal idi.   Bu üçlüyün başında ABŞ və sionistlər durur. Onlar neçə ay idi ki, İrana qarşı bir plan üzərində işləyirdilər. Plana əsasən kiçik şəhərlərdən başlayıb, böyük şəhərlərə və oradan paytaxta istiqamətlənən bir hərəkat olmalı idi. Amma bunun üçün pul lazım idi və ABŞ pul xərcləmək istəmirdi. Bu pulu Körfəz ölkələri verdilər. Sonra isə "Xalq Mücahidləri" terror təşkilatı "Bahaçılığa yox" şüarı ilə etirazlara başladı. İlk əvvəl insanlar səslənən şüarlara dəstək verdi, lakin xalq şüarların məqsədinin dəyişdiyini gördükdə öz sıralarını onlardan ayırdı”.

Ə. Xameneinin fikrincə, İranın düşmənləri nadandır, çünki davamlı qarşıdurmalara baxmayaraq, hələ də İran xalqını tanıya bilməyiblər. O qeyd edib ki, ABŞ rəsmilərinin boş sözləri onların uğursuzluğu və əsəbindən qaynaqlanır: “ABŞ hazırda qəzəb içindədir. Amma təkcə məndən yox. Sizdən, İran xalqından, İran dövlətindən qəzəblidirlər ki, yenə məğlub oldular. İndi də ABŞ-ın dövlət nümayəndələri deyirlər ki, İran hökuməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq? İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti ABŞ-dan qorxur. Onların cavabında deyirik: əgər ABŞ-dan qorxuruqsa, necə oldu sizi 80-ci illərdə İrandan bayıra və indi də regiondan bayıra atırıq? Siz utanmırsınız? Ötən bir il ərzində ABŞ-da polis 800 Amerika vətəndaşını qətlə yetirib. “Wall Street” qiyamında xalqın əleyhinə bacardığınızı etdiniz, müxtəlif bəhanələrlə xalqı öldürdünüz, indi durub İran xalqı üçün narahat olduğunuzu göstərirsiniz?! ABŞ rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür ki, yenə cəhd etsinlər. Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Onu da bilsinlər ki, bu neçə gündə bəzi zərərlər vurublar ki, bunlar cavabsız qalmayacaq. ABŞ-ın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq. Həmçinin, xaricdə və çox təəssüf ki, daxildə olan amerikasevərlər də bilsinlər ki, hökumət möhkəm dayanıb və Allahın lütfü ilə bütün çətinlikləri, problemləri və zəiflikləri aradan qaldıracaq”.