ONN İnformasiya Agentliyi

“Görək, Ağ Ev Qarabağla bağlı nə edəcək”

“Görək, Ağ Ev Qarabağla bağlı nə edəcək”
13 Dekabr 2017 - 8:51

Tofiq Zülfüqarov: “Əks təqdirdə, hərbi əməliyyatların bərpası gündəmə gələ bilər”

“ABŞ-ın regiona dair son vaxtlar yürütdüyü siyasətin qiymətləndirilməsi göstərir ki, Vaşinqton Cənubi Qafqaza laqeyddir. Bu laqeydlik isə regionun problemlərinin dərinləşməsinə, meydanın Rusiya üçün daha geniş açılmasına gətirib çıxarır”. Bunu Amerika Xarici Siyasət Şurasının baş elmi əməkdaşı, professor Stefan Blank “The Hill” qəzetində yazıb (Virtualaz.org).

Məqalədə bildirilir ki, Rusiya habelə məqsədli şəkildə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini “əbədiləşdirir”, bu münaqişədən Ermənistanda hərbi iştirakını gücləndirmək üçün istifadə edir. “Moskva öz silahlı qüvvələrindən təkcə Ermənistanı tabeçilikdə saxlamaq üçün deyil, Azərbaycana və Gürcüstana qarşı təhdidlər üçün də istifadə edir. Moskva habelə əhəmiyyətli ölçüdə qeyri-hərbi qüvvələrindən istifadə edərək Azərbaycan və Gürcüstanın siyasi sistemlərini, suverenliyini təhdid altında saxlayır, Ermənistan üzərində iqtisadi hökmranlığa nail olur” – müəllif daha sonra yazır.

Müəllif xəbərdarlıq edir ki, əgər ABŞ Dağlıq Qarabağ münaqişəsini görməməzlikdən gəlməkdə davam etsə, o zaman bu münaqişə daha qızğın müharibəyə çevriləcək və Rusiyanın Azərbaycana qarşı qəti hərbi hərəkətlərinə gətirib çıxaracaq.

Maraqlıdır ki, vaxtaşırı amerikalı ekspertlər ölkələrinə Azərbaycanla bağlı xəbərdarlıqlar edirlər. Aprel döyüşlərindən sonra bu kimi xəbərdarlıqlar daha intensiv xarakter alıb. Lakin reallıq budur ki, Ağ Evin siyasətində Qarabağ prioritet olaraq yer almır. Tramp administrasiyasının Qarabağ məsələsini prioritetləri sırasında görmədiyi hələ seçki kampaniyasında bəlli idi.

Bu günlərdə məşhur ABŞ politoloqu Pol Qobl daha bir xəbərdarlıq etmişdi. Onun “Türkiyə gözlənilməzliklərlə doludur və Qarabağ məsələsinin həlli üzrə birtərəfli təşəbbüsü Rusiyadan ala bilər” açıqlaması da diqqət cəlb elədi. Lakin digər ekspertdən fərqli olaraq, Pol Qobl demişdi ki, hazırda Rusiyanın Qarabağ münaqişəsinin həllində üstünlüyünün olması ABŞ üçün əlverişlidir, amma Türkiyə həmin üstünlüyü ələ keçirə bilər. Hansı ki, Qobl bir müddət əvvəl “Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altına keçsə, Rusiya öz qoşunlarını bölgəyə yeridə bilər” deməklə Ağ Ev administrasiyasını da ayıq olmağa çağırmışdı.

“Hamımız görürük ki, Rusiyanın Qarabağ məsələsindəki monopoliyası heç bir nəticə vermir və problemin həllində real irəliləyiş yoxdur. Bu, onu göstərir ki, artıq Rusiyanın, konkret olaraq Lavrovun fəaliyyət, heç bir nəticəyə gətirmədi, bu, sadəcə, ermənilərin vaxt udmaq taktikasına işlədi”. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi.

Diplomat digər oyunçulardan danışarkən qeyd etdi ki, ABŞ administrasiyası regional məsələlərin həllində aktiv olmağa çalışır: “Amma burada Qarabağ məsələsi nə qədər prioritetdir, demək çətindir. Regionda müxtəlif hadisələr baş verir və Qarabağ hələ ki gündəmdə deyil”.

T.Zülfüqarov ABŞ-ın daha çox digər münaqişə bölgələrinə diqqət ayırdığı bir vaxtda Rusiyanın Qarabağ məsələsində hansısa pozitiv rol oynayacağını güman etmədiyini vurğuladı: “Azərbaycan cəmiyyətində Lavrovun etibarı sıfır səviyyəsindədir. Bu baxımdan təzə oyunçular, təzə fikirlər olmalıdır. Görək ABŞ administrasiyası Qarabağla bağlı nə edəcək. Əks təqdirdə, hərbi əməliyyatların bərpası gündəmə gələ bilər. Fakt budur ki, siyasi fəaliyyət heç bir nəticəyə gətirməyib və hərbi fəallıq bunu əvəzləyə bilər”.

Bununla belə, eks-nazir Türkiyə-Rusiya, Türkiyə-İran, Türkiyə-Rusiya-İran formatında yaxın münasibətlərin davamının da Qarabağ məsələsində hansısa rol oynaya biləcəyini güman edir:“Təzə oyunçuların iştirakı ilə bəlkə də proses yerindən tərpənə bilər. İstisna etmirəm ki, Putin Türkiyədə bu məsələni müzakirə edə bilər. Çünki Türkiyə tərəfdən Qarabağla bağlı təkliflər hələ ki cavabsız qalıb. Bu, o demək deyil ki, məsələyə nöqtə qoyulub. Sadəcə, bununla bağlı hələ fikir formalaşmayıb. Müsbət hal bundan ibarətdir ki, Türkiyə Qarabağ məsələsini özünün prioritetləri sırasına əlavə edib. Bunun ətrafında Rusiya ilə fikir mübadiləsi davam edir”.

ONNmedia

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png