ONN İnformasiya Agentliyi

İrəvanda orduya etiraz davam edir: Sarkisyan istefa verəcək

İrəvanda orduya etiraz davam edir: Sarkisyan istefa verəcək
08 Noyabr 2017 - 14:59
Ermənistanda tələbələrin orduda xidmətdən möhlət hüququnun ləğv edilməsi təklifinə qarşı etirazları davam edir. Müdafiə naziri Viqen Sarkisyanın təşəbbüsü ilə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi hazırlanıb.
Yeni qanuna görə, aspirantura təhsili almaq istəyən tələbələrə ordudan möhlət hüququ verilməyəcək. Təhsilinə davam etmək istəyən tələbəyə yalnız Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə icazə veriləcək. Lakin həmin şəxs təhsilini başa vurandan sonra 2 yox, 3 il hərbi xidmət keçməlidir. Ermənistan parlamenti birinci oxunuşda bu qnun layihəsini qəbul edib.
Erməni ekspertlər bunu orduda çağırışçı probleminin olması ilə əlaqələndirir. Çünki erməni gənclər acınacaqlı vəziyyətdə olan orduda xidmət etməmək üçün ən müxtəlif yollara əl atır: bəziləri ölkəni tərk edir, bəziləri isə rüşvət verərək, xidmətə yararsız olduğu haqda həkim rəyi alır və s.
Müdafiə Nazirliyinin hazırladığı qanun layihəsi də yaranmış problemi aradan qaldırmaq cəhdi hesab olunur. Yeni qanun layihəsinə qarşı dünəndən etibarən etiraz aksiyaları keçirilir.
“Aykakan jamanak” qəzeti yazır ki, qanun layihəsinə etiraz aksiyaları davam edəcəyi təqdirdə, bu, Viqen Sarkisyanın karyerasının sonu ola bilər.
“Viqen Sarkisyan 2018-ci ildə baş nazir postuna namizəd olacaq şəxslərdən biri hesab olunur. Lakin yaranmış vəziyyət onun istefa verməyə məcbur olacağını da istisna etmir”, – deyə qəzet vurğulayır.
Etiraz edən tələbələr təhsil və müdafiə nazirləri ilə görüş tələb etsələr də, onların tələbi qəbul edilməyib.
Parlamentin birinci vitse-spikeri Eduard Şarmazanovun “düşünmürəm ki, etiraz edənlərin hamısı elm yolda davam etmək istəyir. Onlar sadəcə orduda xidmət etmək istəmirlər. Hesab edirəm ki, bu qanun ordunu möhkəmləndirəcək” sözləri etiraz edənlərdə ciddi narazılıq yaradıb.
Erməni jurnalist Tevos Arşakyan isə yazır ki, normal ölkələrdə etirazlar hökumətin geri addım atmasına səbəb olur: “Ermənistan normal demokratik ölkə olsaydı, o zaman, hökumət qanun layihəsini geri çağırardı. Lakin hakimiyyət nəinki bunu edir, hətta görüş tələbi irəli sürən tələbələrə məhəl belə qoymur. Əksinə, onları ordudan yayınmaqda ittiham edir. Halbuki, bu sözləri deyən Şarmazanovun özünün orduda xidmət keçmədiyi haqda məlumatlar var. Amma bütün bunlara baxmayaraq, hakimiyyət erməni xalqına sadəcə tüpürür”. (Publika.az)

ONN media 

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png