İran sakinləri təşvişdə – Səmada UNO görünüb?

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Tehran sakinlərinin gecə saatlarında səmada qəribə işıqlar saçan uçan naməlum obyekt (UNO) görmələri ilə bağlı məlumatları şərh edib.

ONN media Trend-ə istinadən xəbər verir ki, İİKK bu işıqların taktiki təlimlər zamanı uçuşlar həyata keçirən təyyarə və dronlara aid olduğunu bildirib.

Qeyd olunur ki, Dəmavənd və Bumehin şəhərlərinin arasındakı bölgədə keçirilən təlimlərdə iki tip qanadları olan (sabit və hərəkətli qanadlar) təyyarələr iştirak edib. Bu işıqların da həmin təyyarələrə məxsus olduğu bildirilib.

Məlumata görə, təlimlər İslam İnqilabı Keşikçiləri Korpusunun bazasında keçirilib.