İrana qarşı yeni sanksiyalar tətbiq olunur

Kanada növbəti dəfə İrana qarşı sanksiyalar tətbiq etdiyini bəyan edib. Kanadanın xarici işlər naziri Melani Joli bildirib ki, İran hakimiyyəti kütləvi aksiya iştirakçılarına qarşı həddən artıq qəddar davranır və həbs olunanları edam edir.
ONN media Kanada Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, İranın 2 nəfər fiziki və 3 hüquq-mühafizə təşkilatına qarşı sanksiya tətbiq olunub. Bu təşkilatların nümayəndələri Kanadaya səfər edə bilməyəcəklər və onların Kanada banklarındakı aktivləri dondurulacaq.
Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniya İranda akkreditə olunan bəzi diplomatlarını geri çağırıblar. Dünən isə London, Paris və Avropa ölkələrinin bir sıra digər şəhərlərində İranda etiraz edənləri dəstəkləmək üçün aksiyalar keçirilib.
Ötən il sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin baş örtüyünü düzgün örtmədiyinə görə polis zorakılığına məruz qalaraq ölməsi İranda kütləvi etiraz aksiyalarına səbəb olub. Hakimiyyətin aksiya iştirakçılarına qarşı olduqca qəddar davranması və 500-dən çox etirazçının edam edilməsi vəziyyəti daha da gərginləşdirib. İran hakimiyyəti həm ölkə daxilində, həm də xaricdən güclü tənqidlərə və sanksiyalara məruz qalır.