İŞİD Rakkanı tərk etməzdən əvvəl bütün tikililəri minalayıb

İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Rakka şəhərini tərk etməzdən əvvəl onun ərazisindəki hər bir tikilini minalayıblar.
ONN media xəbər verir ki, bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizədə başqa ölkələrlə qarşılıqlı əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Brett Maqkurq özünün “Twitter”dəki hesabında yazıb.
O, qeyd edib ki, terrorçular şəhər sakinlərinin normal həyata qayıda bilməmələri üçün demək olar, hər bir tikiliyə partlayıcı maddə qoyublar. Brett Maqkurq öz sözlərini təsdiq etmək üçün ötən həftə Suriya istehkamçısının həlak olduğu şəhər xəstəxanasının şəkilini də yerləşdirib.
ABŞ prezidentinin nümayəndəsinin sözlərinə görə, şəhərdə görüləsi çox işlər var.
O bildirib ki, ABŞ İŞİD-dən sonra dirçələn Rakkada çətinlikləri nəzərə alaraq, koalisiya üzrə müttəfiqlərini artırmağa və sabitləşmə üzrə tədbirləri sürətləndirməyə çağırır.