Lalə İranda qurbanların simvoluna çevirildi

Lalə gülü siyasətə ədəbiyyatdan gəlib. Mirvarid Dilbazinin “Lalə yanaqlı” şeirində gülün qanla bir harmoniya təşkil elədiyi, uyğunluğu əsas götürülürdü.

Bu sözləri Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan güneyli nasir Aqşin Ağkəmərli İranda ümumxalq etirazları qurbanlarının simvoluna çevrilən lalə gülünün mahiyyətindən danışarkən deyib.

O bildirib ki, bir sıra güllərin simvola çevrilməsi mədəniyyətimizə xas xüsusiyyətdir:

“Qərənfil 20 Yanvar şəhidlərini xatırladır, Xarıbülbül isə Qarabağın, Şuşanın rəmzidir. Bunun özü də ədəbiyyatdan, musiqidən gəlir. Elə fars ədəbiyyatında da lalə şəhidlərin simvoludur. Bunun da təməlində panteizm durur. Çoxunun inancına, hətta mənim də inancıma görə təbiətdə hərəkət etməyən əşya da canlıdır və Allahın ruhunu təmsil edən varlıqlardır”.

Filologiya üzrə fəlsəfə doktoru Elçin Qabiloğlu da lalənin folklorumuzdakı önəmindən danışıb:

“Klassik ədəbiyyatımızda, incəsənətimizdə güllərə, xüsusilə də laləyə münasibət ciddi və yaradıcıdır. Lalə zəriflik, həsrət obrazıdr. Ümumiyyətlə, gül mövzusu təbiətlə insan arasında mühüm münasibətin ifadəçisidir. Lalə təbiətlə insan vəhdətinin yetkin ifadəsi kimi xarakterizə olunur. Bu gülün rənginin al-qaralığı mahiyyətcə diqqət çəkir. Bu gül haqda olan əfsanələrə əsasən də bitkinin yaradılışının əsasında insan durur. Yaranış isə öz-özünə baş vermir. Bunun üçün kosmik harmoniyanın pozulması və xaosa keçməsi baş verməlidir”.

Qeyd edək ki, İranda son etirazlardan sonra lalə siyasi məna daşımağa başlayıb. Bu gülü yenidən çiçəklənən iranlı xanımların simvolu hesab edirlər. Hətta tanınmış iranlı dizayner Əmir Tağı kolleksiyasında lalə gülünün detallarından istifadə edərək, hər ləçəyə İranda ölən şəhidlərin adını yazmışdı.