Belçikada Novruz bayramı böyük coşqu ilə qeyd olundu

ONN media-ya Belçika - Azərbaycan Dostluq Cəmiyyətindən verilən məlumatda bildirilib ki, bahar bayramı olan "Novruz Bayramı" qısa adı BADC olan, Belçika - Azərbaycan Dostluq Cəmiyyətinin görkəmli təşkilatçılığı ilə Belçika Ham şəhəri bələdiyyə salonunda həyata keçirilib.
Türk dünyasının böyük ruh yüksəkliyi ilə qeyd etdiyi bahar bayramı Türk Dünyası nümayəndələri və Belçikalıların iştirakı ilə böyük bir coşqu ilə qeyd olunub. Ömrünü Türk və Azərbaycan dostluğuna həsr edən uğurlu təşkilatçı Ayxan Dəmirçinin ev sahibliyi etdiyi tədbirdə, Azərbaycan Respublikası Brüssel Səfirliyinin Birinci Katibi Zaur Əhmədov, Ham Bələdiyyəsi Sədri Dirk Də Vis, Bələdiyyə Sədr müavinləri və işçiləri, Xam Bələdiyyəsi İnteqrasiya Xidmət Müdirəsi Jasmin Soysal, Siyasətçi Əli Qayğı, Niderland Azərbaycan Türk Dostluq Dərnəyinin Sədri İlhan Askin, nazirin keçmiş məsləhətçisi Nebahat Açar, Beringen Musiqi Klub Rəhbəri İsmayıl Erdoğdu, Belçika Türk İdman Federasiya Prezidenti Nədim Koçarslan, Gent Türk Ocağı Keçmiş Sədri Rəcəb Tuncer Sarı, CHP Belçika Nümayəndəsi Bilal Özcan, Vedi Könüllüləri və DÜTAP rəhbəri Kənan Dağgün, Belçika Aydın Vəqfi rəhbəri Zərrin Aydın, İş Adamları və digər qonaqlar iştirak edib.
Masalar Azərbaycan, Türkiyə və Belçika Bayraqları, Novruz bayramının atributları "Səmənilər, quru və yaş meyvələr, rəngli yumurta və şamlar ilə bəzənmişdi. Tədbirdə BADC Sədri Ayxan Dəmirçi, Ham Bələdiyyə Sədri Dirk Də Vis və Azərbaycan Səfirliyinin Birinci Katibi Zaur Əhmədov etdikləri çıxış ilə dəvətlilərə iştirak etdikləri üçün təşəkkür ediblər və Novruz Bayramının Türk dünyası üçün önəmini vurğulayıblar.
Proqram uğurlu diktor Jasmin Soysalın Türkcə və Hollandca təqdimatı, çıxışlar, Sinevizyon, Skeç, Azərbaycan dünyasının tanınmış nümayəndələri Ərdal Baydarı və Çingiz Mustafayevin bir-birindən gözəl xalq mahnılarından ibarət konsert, Köln Qafqaz Folklör komandasının möhtəşəm şouları, yemək süfrəsi və hədiyyə təqdimatı ilə sonlandırılıb.