Rusiya günahkarların adını AÇIQLADI

Rusiyanın Ukraynaya qarşı hücum və işğal mövzusu ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson üçün “həyat xətti”nə çevrilib.
ONN media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Moskva 24” telekanalına müsahibəsində deyib.
Zaxarova bildirib ki, bəzi aparıcı KİV-lər Amerika kəşfiyyatına istinadən işğalın fevralın 16-da saat 3-də baş verəcəyini iddia etsə də, əslində bu baş verməyib: “Bu, informasiya və siyasi kampaniyadır. Bunun çox müxtəlif səbəbləri var idi və biz onlar haqqında açıq danışdıq. Bunlar anqlosaksların qısamüddətli maraqlarıdır, çünki hər iki ölkə (Böyük Britaniya və ABŞ - red.) ciddi daxili siyasi böhran yaşayır”.
O, İngiltərədə koronavirus pandemiyası zamanı Consonu istefa ilə hədələyən tərəflərin yaratdığı qalmaqalı da xatırladıb.
“Böyük Britaniyanın baş naziri Nazirlər Kabinetində dəyişikliklər və məhdudiyyətlərin aradan qaldırılması ilə ictimaiyyəti sakitləşdirməyə çalışdı, lakin bu, kömək etmədi. Daha sonra Rusiyanın Ukraynaya hücum edəcəyi mövzusu onun üçün “can yolu” oldu. Oxşar vəziyyət daxili siyasi parçalanma, öz prezidentlərinin reytinqlərində fəlakətli eniş yaşayan ABŞ-da da oldu”, - Zaxarova qeyd edib.