İldırım hakimi və futbolçuları vurdu: Bir nəfər öldü
Malayziyada keçirilən yoldaşlıq futbol oyunu zamanı ildırım vurması faciə ilə nəticələnib. Hadisə nəticəsində futbolçulardan biri həyatını itirib.
ONN media xəbər verir ki, insident "Veteran FC" ilə "Tanjung Minyak FC" komandaları arasında keçirilən qarşılaşma zamanı baş verib.
Məlumata görə, oyunun başlamasından təxminən 10 dəqiqə sonra hava şəraiti qəfil pisləşib, əvvəlcə yağış yağıb, ardınca isə güclü ildırım çaxıb. İldırımın təsirindən matçın hakimi və iki futbolçu huşunu itirərək yerə yıxılıb.
Təcili tibbi müdaxiləyə baxmayaraq, futbolçulardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digər zərərçəkənlərin vəziyyəti barədə isə ətraflı məlumat açıqlanmayıb.
Hadisədən sonra Malayziya Futbol Assosiasiyasının rəhbərliyi təşkilatçılara hava şəraiti təhlükə yaratdığı hallarda oyunların dayandırılması və ya təxirə salınması ilə bağlı tərəddüd etməməyə çağırıb.
Qeyd edək ki, ildırım vurması nəticəsində idmançıların həlak olması halları daha əvvəl də qeydə alınıb. Belə ki, 2025-ci ilin iyununda norveçli sərbəst xizəkçi Audun Qrenvold da ildırım zərbəsi nəticəsində vəfat etmişdi.
