Səudiyyə Ərəbistanı ilə İran arasında növbəti gərginlik

Səudiyyə Ərəbistanı İran gəmilərinin mütəmadi şəkildə onun Fars körfəzindəki neft yataqlarının yerləşdiyi akvatoriyasına keçməsi ilə bağlı BMT-yə şikayət edib.
ONN media bildirir ki, bu barədə Krallığın "WAM” agentliyi xəbər verib. Məlumata əsasən, İrana məxsus gəmi və qayıqlar Səudiyyə Ərəbistanının ərazi sularındakı neft platforması və yataqlarının yaxınlığında yerləşən qapalı rayonlara dəfələrlə "hücum edib”. Lakin həmin gəmilərin hərbi, yoxsa mülki olması bildirilmir.
Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim bəyan edib ki, Ər-Riyadın Tehran və BMT baş katibinə ünvanladığı əvvəlki etiraz notalarına rəğmən, bu cür pozuntuların sayı durmadan artır. Həmçinin vurğulayıb ki, ölkəsi məsələ ilə bağlı bütün lazımı tədbirləri görəcək və ərazi sularındakı bu cür pozuntulara görə yarana biləcək istənilən zərərdə bütün məsuliyyət İrandakı rejimin üzərində qalacaq.
Ər-Riyadın şikayəti ilə bağlı Tehran hələ ki heç bir açıqlama verməyib.