Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı rahib Andrey Kreyk Brunsonla əlaqədar Ankara və Vaşinqton arasında yaranan böhranla bağlı açıqlama verib.
ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu böhranın təhdid diliylə deyil, uzlaşma və danışıqlarla həll ediləcəyini bildirib.
“Əgər sanksiyalar tətbiq edərsənsə, sanksiyalar görərsən. Türk milləti sanksiyalara boyun əyməz, ancaq sən də sanksiyalar görərsən. Təhdid diliylə bir nəticə əldə etmək mümkün oldumu? Sinqapurda Pompeo (ABŞ-ın dövlət katibi Mayk Pompeo –red.) ilə çox konstruktiv söhbətimiz oldu. Belə də olmalıdır. Problemlər varmı? Var. Həll etmək istəyirsəniz, oturub danışaraq həll edək. Problemlərin təhdidlə deyil, müzakirələr və yaxşı niyyətlə həll ediləcəyini düşünürəm”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı söyləyib.
Qeyd edək ki, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham olunan amerikalı rahibin həbs cəzası ev dustaqlığı ilə əvəz edilib. ABŞ rahibin tamamilə azad olunaraq ölkəsinə göndərilməsini tələb edir.