Çindən ABŞ-a yeni İDDİA

Çin ABŞ hərbi gəmisinin Cənubi Çin dənizində ona məxsus adalar ətrafındakı sulara icazəsiz daxil olmasını təxribat hesab edir.
ONN media xəbər verir ki, Çin Milli Müdafiə Nazirliyinin rəsmisi U Çian sentyabrın 30-da ABŞ-a məxsus hərbi gəminin Cənubi Çin dənizində Çinə məxsus adalar ətrafındakı sulara daxil olduğunu bəyan edib. Çin hərbi dəniz qüvvələrinə məxsus gəmi bunu müəyyən etdikdən sonra ABŞ gəmisinə xəbərdarlıq edib.
Cənubi Çin dənizindəki adalar və onlar ətrafındakı suların Çinin suverenliyi altında olduğunu bildirən U Çian əlavə edib ki, ABŞ hərbi gəmiləri bir neçə dəfə bu sulara icazəsiz daxil olub. Bu, Çinin suverenliyinə və təhlükəsizliyinə təhdid törədir, iki ölkənin hərbi qurumları arasında əlaqələrə ziyan vurur, regional sülhü və sabitliyi ciddi dərəcədə sarsıdır. Biz bu cür fəaliyyətə qəti qarşıyıq.
Çin Milli Müdafiə Nazirliyinin rəsmisi bəyan edib ki, Çin Silahlı Qüvvələri öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməyə, ölkənin suverenliyini və təhlükəsizliyini, həmçinin regional sülhü və sabitliyi qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcək.