ONN İnformasiya Agentliyi

Qafqaz İslam Ordusu Bakıya bu hisslərlə gəlmişdi – Səfir

Qafqaz İslam Ordusu Bakıya bu hisslərlə gəlmişdi – Səfir
15 Sentyabr 2019 - 13:26

Sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsindən 101 il ötür.

 ONN media xəbər verir ki, bu münasibətlə Türkiyənin ölkəmizdəki səfirliyi və bir sıra ictimai təşkilatların nümayəndələri Şəhidlər xiyabanında 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoral Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Qafqaz İslam Ordusunun əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, xatirə dəftərini imzalayıb.

Səfir çıxışında bildirib ki, Türkiyə və Azərbaycan tarix boyunca bir yerdə olub, bundan sonra da bir olacağıq: “Çünki biz bir millət, iki dövlətik. Qafqaz İslam Ordusu da 101 il əvvəl Azərbaycana bu hisslərlə gəlmişdi”.

Tədbir iştirakçıları şəhidlərin məzarları önünə də tər qərənfillər düzüblər.

Sonra Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarı üzərinə güllər düzüblər, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Qeyd edək ki, sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verib.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png