Rusiya XİN-in sözcüsü Azərbaycandakı prezident seçkilərindən danışdı

Rusiyanın xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuat konfransında Azərbaycanla bağlı fikirlər səsləndirib.

ONN media xəbər verir ki, Zaxarova brifinqdə erməni jurnalistin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı sualına "Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir"-cavabını verib.

M. Zaxarova bildirib ki, seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı ilk növbədə Azərbaycan hökumətinə müraciət edilməlidir: “Azərbaycan hökuməti də bunu artıq şərh edib”.

Rusiyalı diplomat Azərbaycan və Rusiya arasında humanitar dialoq məsələsinə də toxunub: "Rusiya və Azərbaycan arasında humanitar dialoq mükəmməl şəkildə inkişaf etdirilir".

M. Zaxarova deyib ki, bu istiqamətdə bir sıra konsertlər, sərgilər təşkil olunur, müxtəlif mədəni mübadilələr aparılır: “Biz Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 25 illiyini həm Xarici İşlər Nazirliyinin, həm də səfirliklərimizin xətti ilə qeyd etdik. Bizim insanlarımızı bir-birinə ortaq tarix, mədəniyyət və ənənələr bağlayır".