Səudiyyə Ərəbistanı neftdən imtina edir

Səudiyyə Ərəbistanı post-neft dövrünə qədəm qoyur və hesab edir ki, inşası başlayan "gələcəyin meqapolis"ləri ölkə iqtisadiyyatının inkişafını və şaxələndirilməsini təmin edəcək.

“Report”un məlumatına görə, bunu Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda Səudiyyə Ərəbistanının "King Abdullah Economic City" (KAEC) layihəsinin rəhbəri Fəhd əl-Rəşid deyib.

"Limanların, əyləncə sənayesinin, həmçinin inşaat sektorunun inkişafına ümid bəsləyirik. Düşünürük ki, doğru istiqamətdə irəliləyirik",- deyə o qeyd edib.

Qeyd edək ki, KAEC layihəsi Səudiyyə Ərəbistanı ilə dünya ölkələri arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdə tutur. Layihənin adı ilə 2006-cı ildə Qırmızı dənizin sahilində yeni şəhər yaradılıb. KAEC ölkənin Ciddəd şəhərindən 100 km. məsafədə yerləşir.

Ər-Riyad hesab edir ki, bu region dünya ticarətinin drayveri kimi önəmli rol oynaya bilər.

Xatırladaq ki, 2016-cı ilin aprelində Səudiyyə Ərəbistanında qəbul edilmiş "Vision-2030" proqramı krallığın 15 il ərzində neft asılılığından qurtarmasını nəzərdə tutur. Bu məqsədlə Qırmızı dəniz sahilində innovativ şəhər olacaq "Neomoİ"un da inşası nəzərdə tutulub. Layihəyə, ilkin mərhələdə 500 mlrd. ABŞ dolları məbləğində vəsait ayrılması planlaşdırılır.