Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir

Bu gün Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarlarının yürüşü başlayıb.

ONN media xəbər verir ki, M. Saakaşvili həyat yoldaşı və oğlu ilə birlikdə aksiyada iştirak edir.

Ukrayna prezidentinin impiçmenti haqqında qanunun qəbul olunmasını tələb edən aksiya iştirakçıları Taras Şevçenko parkından Azadlıq (Maydan) meydanına doğru hərəkət edirlər. Aksiya ilə əlaqədar Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Aksiya iştirakçıları “İstefa!”, “Cinayətkar dəstə rədd olsun!” və “İmpiçment!” şüarları səsləndirirlər.

Qeyd edək ki, bu gün M. Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya barışıq məktubu göndərdiyi barədə xəbərləri də təkzib edib.