Sabiq baş nazir hava limanında saxlanıldı

Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Cenevrə hava limanında saxlanılıb.

ONN media xəbər verir ki, bu barədə “Feysbuk” səhifəsində A.Yatsenyukun mətbuat katibi Olqa Lappo bildirib.

“Rusiyalı müstəntiqlərin ittihamları cəfəngiyat olsa da, onlar real fəsadlar törədiblər. A.Yatsenyuk Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur”, – deyə Lappo bildirib.

Cenevrəyə kiçik qızı ilə səfər edən Arseni Yatsenyuk aeroportda pasport yoxlanışı zamanı Rusiyanın sorğusu əsasında saxlanılıb.

Olqa Lapponun sözlərinə görə, A.Yatsenyuk saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ona ölkəni tərk edən zaman təkrar saxlanılacağı ilə bağlı xəbərdarlıq edilib.

2017-ci ilin martında Moskva Arseni Yatsenyukun həbsinə dair məhkəmə qərarını Kiyevə təqdim edib. Rusiya İstintaq Komitəsi onun 1994-95-ci illərdə Çeçenistanda döyüş əməliyyatlarında iştirak etməkdə ittiham edir. A.Yatsenyuk isə ittihamları rədd edərək, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini bildirib. (apa)