Sloveniya Xorvatiyaya nota verib

Dekabrın 29-da Sloveniya Beynəlxalq Arbitraj Məhkəməsinin qərarının icrası tələbi ilə qonşu Xorvatiyaya diplomatik nota verib.

Sloveniyanın Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, qonşu ölkə ilə su və quru sərhəd xəttinin müəyyənləşdirilməsi ətrafında davam edən mübahisə ilə bağlı eyni zamanda Avropa Komissiyasına da müraciət edilib. Qeyd edilib ki, Baş nazir Miro Tserar və xarici işlər naziri Karl Eryaveç Avropa Komissiyasını hazırkı vəziyyət barədə məlumatlandırıb və bu məsələdə ciddi addımlar atmağı tələb ediblər. Lyublyana Avropa Komissiyasından beynəlxalq məhkəmə qərarının icrası istiqamətində onun mövqeyinin dəstəklənməsini gözləyir.

Qeyd edək ki, iyun ayında Haaqa Arbitraj Məhkəməsi tərəfindən verilən qərara əsasən, iki ölkə arasında uzun illərdən bəri mübahisə mövzusu olan İstriya yarımadasında yerləşən Piran buxtasının əsas hissəsi Sloveniyaya verilmiş, həmçinin bu ölkənin beynəlxalq sulara maneəsiz çıxış üçün dəhlizdən istifadə hüququ tanınmışdı. Xorvatiyanın payına isə iki ölkənin sərhədində yerləşən bir neçə yüksəklik düşmüşdü. Həmin qərarın icrası üçün son gün olaraq dekabr ayının 30-u müəyyən edilmişdi. Sloveniya tərəfi dekabrın 30-dan sonra qüvvəyə minəcək yeni sərhəd rejimi ilə bağlı bütün hazırlıqları başa vursa da, Xorvatiya beynəlxalq məhkəmənin qərarını tanımır və qonşu ölkəyə birtərəfli addımlardan çəkinməyə dair xəbərdarlıq edib.

Bununla da iki ölkə arasında Piran buxtası və digər sərhəd məntəqələri ilə bağlı gərginlik son həddə çatıb. Hər iki tərəf sərhəd zolağında hansısa qarşıdurmaya getməyəcəklərini elan etsələr də, suverenliyin tam bərpasında iddialıdırlar. Sloveniya beynəlxalq məhkəmənin qərarında göstərildiyi kimi, buxtanın 80 faiz hissəsinin onun nəzarətinə keçməsini tələb edir, Xorvatiya isə öz növbəsində sərhəd xəttinin buxtanın tam ortasından çəkilməsində israr edir.(AZƏRTAC)

 

ONN media