SOS!!! Dünyada 28 min 500 heyvan və bitki növü təhlükə altındadır

Dünyada nəsli kəsilmək üzrə olan heyvan və bitki növlərinin sayı durmadan artır. Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) məlumatına görə, dinozavrların nəsli kəsildikdən sonra heyvan və bitki növlərinin məhv olmasının ən çox baş verməsi müasir dövrümüzə təsadüf edir.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin “Qırmızı siyahısı”nda hazırda 25 min 800 növün adı yer alıb. WWF-nin növlərin mühafizəsi üzrə eksperti Qeorq Skattolin bildirib ki, bitki və heyvan növlərinin məhv olmasının əsas səbəbləri sırasında qanunsuz ovçuluq, yaşayış arealının kənd təsərrüfatı və digər məqsədlər üçün məhv edilməsi, iqlim dəyişiklikləri və təbii resurslardan həddən artıq və israflı istifadəsi nəticəsində bioloji müxtəlifliyin pozulması dayanır. Bu da dinozavrların yox olmasından sonra Yer kürəsinin ekoloji sistemində ən böyük növ itkisidir.

Mütəxəssislərin araşdırmaları nəticəsində növlərin məhv olmasında insan amilinin ən ciddi amil olması da öz əksini tapıb. Belə ki, əti delikates kimi dəyərləndirilən bir sıra quruda yaşayan heyvanlar və dəniz heyvanları, xüsusilə də tibbi, bəzək və zinət məqsədləri üçün ovlanan heyvanların qorunması məqsədilə beynəlxalq konvensiyalar və müxtəlif ölkələrin cinayət qanunvericiliyində sərt cəzalar nəzərdə tutulmasına baxmayaraq, qiymətli heyvanların ovlanması və qaçaqmalçılığı geniş vüsət almaqdadır.

Məlumatda, həmçinin qeyd edilir ki, son 30 ildə dünyadakı həşəratların ümumi kütləsinin dörddəüçü məhv olub. Dünya ölkələri və beynəlxalq qurumlar əsas diqqəti məməli heyvanların qorunmasına daha çox yönəltdiyi halda, ekoloji sistemin ayaqda durması üçün mühüm rol oynayan bir çox həşərat növləri məhvə məhkumdur. Bunun əsas səbəbi kimi isə intensiv kənd təsərrüfatı göstərilir. Zərərvericilərə qarşı istifadə edilən pestisidlər geniş əkin sahələrində bütün canlıların ölümünə səbəb olub. Mədəni bitkilərin tozlanmasında böyük əhəmiyyətə malik olan bir çox həşəratlar, ilk növbədə isə bal arısı ailələri kimyəvi dərmanların təsiri altında azalmaqdadır. Bal arısı “Qırmızı siyahı”da yer almasa da, təkcə bu növ entomofil (həşəratla tozlanan) bitkilərin 68 faizinin tozlanmasını həyata keçirir. Bu da öz növbəsində təkcə bir növün yox olmasının bəşəriyyəti hansı təhlükələrə aparacağını açıq-aydın göstərir./ AZƏRTAC