1 aprel İsa Muğannanın vəfat etdiyi gündür

Unutmayaq, unutdurmayaq!

1 aprel (1928 – 2014) Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktoru, “Nəsimi” mükafatının ilk laureatı milyonların qəlbində daima yaşayan İsa Mustafa oğlu Hüseynovun ( Isa Muğanna) vəfat etdiyi gündür.

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonar 1945-ci ildə N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da 4 ay sonra kəndə qayıdıb. 1946-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1950-1952-ci illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

Əmək
fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat
şöbəsində redaktor kimi başlayan İsa Hüseynov 1954-1964-cü illərdə
“Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri,
1964-1979-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü olmuşdur. O, 1979-cu
ildən Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində
çalışmışdır. İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin
Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

İsa
Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı
oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib.
1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca
“Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad
adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”,
“Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq”
və digər kitablarını oxucularına təqdim edib.

Müasir Azərbaycan nəsrinin əsaslı surətdə yeni
mərhələyə qədəm qoymasının fəal iştirakçısı İsa Muğanna mədəni-mənəvi dəyərlərin
qorunması naminə altmış ildən artıq müddət ərzində ədəbi prosesə istiqamət
verən rəngarəng mövzulu əsərlər yaratmış və xalqın çoxəsrlik bədii-mədəni fikir
xəzinəsini daha da zənginləşdirmişdir. Ədibin yaradıcılığı bütövlükdə ana
dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla
bəhrələnmənin qiymətli nümunəsidir.

  İsa Muğanna tarixi gerçəkliklərin obrazlı
təcəssümünə çevrilmiş və hər əsəri bir ədəbi
hadisə olan yazıçının Azərbaycan
kinematoqrafiyasının qızıl fonduna daxil olmuş “Nəsimi”,
“Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmin ssenari müəllifi kimi də tanınırdı.

İsa
Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və
çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, Xalq Yazıçısı
fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil
Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif
edilib.

Görkəmli yazıçı 2014-cü il, aprelin 1-də ömrünün
müdriklik çağında 85 yaşında Bakıda vəfat edib.

Allah
rəhmət eləsin.