ONN İnformasiya Agentliyi

1 aprel İsa Muğannanın vəfat etdiyi gündür

1 aprel İsa Muğannanın vəfat etdiyi gündür
01 Aprel 2024 - 11:00

Unutmayaq, unutdurmayaq!

1 aprel (1928 – 2014) Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktoru, “Nəsimi” mükafatının ilk laureatı milyonların qəlbində daima yaşayan İsa Mustafa oğlu Hüseynovun ( Isa Muğanna) vəfat etdiyi gündür.

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonar 1945-ci ildə N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da 4 ay sonra kəndə qayıdıb. 1946-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1950-1952-ci illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov 1954-1964-cü illərdə “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, 1964-1979-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü olmuşdur. O, 1979-cu ildən Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışmışdır. İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

İsa Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib.

Müasir Azərbaycan nəsrinin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı İsa Muğanna mədəni-mənəvi dəyərlərin qorunması naminə altmış ildən artıq müddət ərzində ədəbi prosesə istiqamət verən rəngarəng mövzulu əsərlər yaratmış və xalqın çoxəsrlik bədii-mədəni fikir xəzinəsini daha da zənginləşdirmişdir. Ədibin yaradıcılığı bütövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin qiymətli nümunəsidir.

  İsa Muğanna tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş və hər əsəri bir ədəbi hadisə olan yazıçının Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmin ssenari müəllifi kimi də tanınırdı.

İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, Xalq Yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib.

Görkəmli yazıçı 2014-cü il, aprelin 1-də ömrünün müdriklik çağında 85 yaşında Bakıda vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png