ONN İnformasiya Agentliyi

50 İLLİK  YUBILEY  və  “Mənim  vətəndaş  mövqeyim”

50 İLLİK  YUBILEY  və  “Mənim  vətəndaş  mövqeyim”
01 İyun 2022 - 14:05

Bu gün iqtisadiyyat üzrə fəlsəfə doktoru, “İqtisadi Araşdırmalar Jurnal” ın qurucusu, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyi sədrinin müavini Cavid İsmayılın doğum günüdü. Doğum günü insan ömrünün sevincini, xoş duyğularını özündə birləşdirən bir zamandı. Bu gün, həm də insanın dönüb arxaya baxdığı bir andı. Ki… görsün arxada nəyi qoyub, nəyi itirib. Onun dünəni ilə bu günü arasındakı körpü sağlamdı, yoxsa etibarsızdı. Və bütün bu nəsnələri özündə birləşdirən şəxs günün sonunda yalnız özünə hesabat verir, bir başqası onun iç dünyasında nələri saxladığını, nələri əzizlədiyini bilmir. Yəni hər kəs bu yaşantıları ildə bir dəfə yaşayır. Amma  insan SÖZ sərrafı, elm adamı olanda bu hesabatın rəngi də fərqlənir, forması da ayrı cür olur.

Cavid İsmayıl doğum gününə məhz bu fərqlilik “naxışı”nı vurub, hesabatını yenicə çap olunan “Mənim vətəndaş mövqeyim” adlı kitabda öxucuları ilə bölüşüb. Kitabın adı ilə məzmunu demək olar ki, üst-üstə düşür. Cavid müəllim kitabın səhifələrindən iqtisadçı, hüquqşünas, istimai xadim və jurnalist olmaqdan çox, əsil vətəndaş, vətən oğlu kimi “boylanır”.

Kitab “Xatirələrdə yaşayan partizan Tağı” hekayəsi ilə başlayır. Və bu hekayəni fərqləndirən onun gerçək insan taleyindən bəhs olunmasıdı. Bir yurdsevərin,  bir vətən aşiqinin mübarizələrlə  dolu həyatını qələmə alıb müəllif. Bir ömür haqsızlığa qarşı döyüşən, ədalətsizliklə mübarizə aparan, mövcud quruluşun çirkinliklərinə boyun əyməyən, üsyankar Tağı Məşədi Mahmud oğlu İsmayılov Cavid İsmayılın babası olduğu üçün hekayədə yer alan hadisələri İsmayılovlar nəslinin hər bir fərdi demək oloar ki, az və ya çox dərəcədə bilir. Cavid müəllim istəyib ki, Məşədi Mahmud oğlunun mərdliyi haqqında oxucular da tanış olsunlar.

O, babasını oxucularına tanıtmaqla, demək istəyib ki, özünün də damarlarında axan qan əsil qandı, təmiz qandı, qarışıqqanlılarla heç bir əlaqəsi, heç bir yaxınlığı yoxdu. Hekayəni oxuyanda görəcəksiniz ki, Tağı  Məşədi Mahmud oğlu o dövr üçün ziyalı sayıla biləcək bir ailədə doğulub, zəmanənin naqisliklərinə göz yumulan bir mühitdə tərbiyə alıb. Və bu tərbiyə onun cəsur, mərd, mübariz  olmasında, döyüşkən və üsyankar kimi  formalaşmasında böyük rol oynayıb. Cavid müəllim Tağı Məşədi Mahmud oğlu İsmayılov haqqında babası olduğu üçün yox, məhz Azərbaycan xalqının mərd, igid, qeyrətli oğlu olduğu üçün  yazıb.

Tağı Məşədi Mahmud oğlu 71 illik ömründə uzun bir yol keçib. Bu yolda o, həbsə düşüb, amma bir müddət sonra qaçmağa müvəffəq olub.  Sibirə sürgün olunmaqla hədələnib, amma qorxmayıb. Gizli siyasi təşkilat yaradıb, əsgərlər arasında təbliğat apararaq açıq fikirli əsgərləri mübarizəyə cəlb edib. Əsasən də ermənilərlə döyüşüb, onların ayağını Naxçıvan torpağından kəsmək üçün var gücü ilə vuruşub.  Yaxşı döyüş taktikası olub.  “Partizan Tağı” ləqəbini şərəflə daşıyan  Məşədi Mahmud oğlu ermənilərə qan uddurub. Qafqaz Müsəlman Ordusunun komutanı Nuru Paşa tərəfindən qiymətli daşlarla bəzədilmiş xəncər və “Türk çapı” mükafatını alan Partizan Tağının bütövlükdə taleyinin necə olduğunu “Xatirələrdə yaşayan şərurlu partizan Tağı”nı oxuyan hər kəs biləcək.

“Mənim vətəndaş mövqeyim”də Cavid müəllimin digər yazıları da yer alıb. Hər zaman faktların dili ilə danışan müəllifin buradakı bəzi yazıları qısadı, lakin konkret fakta söykənib. Bəzi yazılarını ürək ağrısı ilə qələmə alıb. Bakının, ümumilikdə Azərbaycanın dərdlərini çözməyə, dərmanını  tapmağa çalışıb. Elə yazısı da var ki, ilk cümlələrdən  Cavid müəllimin harayını, SOS siqnalını “eşitmək” olur.  Ümumilikdə kitabda toplanan yazılarda  müəllif siyasi -iqtisadi düyünlərdən, ədəbiyyat, mədəniyyət, din və mənəviyyat məsələlərindən, səhiyyədə, təhsildə baş verən çirkin əməllərdən, ana dilinin müqəddəsliyindən və ona kəc baxanlardan söhbət açır, eləcə də həmin problemlərin aradan qaldırılması yollarını göstərir.

Bu kitab Cavid İsmayılın 50 illik ömrünün ən gözəl, ən sanballı hədiyyəsidi. Bu gün Cavid müəllim təkcə özünə hesabat verməyib, həm də yenicə dünyasını  dəyişmiş atasının ruhu qarşısında hesabat verib. İllərini ata sevgisi ilə keçirən, ömrünə ata məhəbbətindən naxış vuran Cavid İsmayıl Əjdər İsmayılovun məzarında ona hesabat verib. Faceebok  səhifəsində  yazır: “Atam, illər boyu doğum günümü ən birinci sən təbrik edərdin. Özümün belə yadından çıxdığı vaxtlarda, hər il gecə iyunun biri tarixinə keçən ilk anda zəng edərdin. Dəstəyi götürən kimi “Atam, salam…” deyərək təbrik edər və ən xoş arzularını çatdırdıqdan sonra növbəti təbriki etmək üçün dəstəyi anama ötürərdin. Elə bu zaman ailə üzvlərim evdə təbrikə qoşulardılar… Yadındadır, keçən il mənə irad tutdun ki,elə sənin kitablarının çapı ilə məşğulam. Öz kitablarımı çap etdirmirəm. Sənə söz vermişdim. Sənə söz vermişdim ki, gələn il növbəti kitablarımı çap etdirəcəm. Yenicə çapdan çıxan növbəti kitabımı ilk sənə gətirmişəm. Saat 12-ni təzəcə keçmiş sənin məzarının başı üstündəyəm. Gəlmişəm. Gəldim ki, yenə də həmişəki kimin ilk təbriki və xeyir-duanı səndən alım”…

Cavid müəllim, doğum gününüz mübarək! “Mənim vətəndaş mövqeyim” mübarək! 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png