ONN İnformasiya Agentliyi

“A problem of modernity – armenianism” kitabı Avropada nəşr olub

“A problem of modernity – armenianism” kitabı Avropada nəşr olub
15 Mart 2019 - 15:48

ONN media xəbər verir ki, Türkiyədə uzun illərdir elmi-pedoqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olan, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, tarixçi, professor Aygün Attarın “A problem of modernity – armenianism” (“Erməniçilik: müasir dövrün problemi”) kitabı ingilis dilində çapdan çıxıb.

Davamlı Sülh və İnkişaf üzrə Beynəlxalq Fondun (IFSPD) Baş Assambleyasının Direktorlar Şurasının 17-ci geniş iclası çərçivəsində Fondun yaradılmasının 10-cu ildönümünə həsr olunan mərasimdə həmin kitabın da təqdimatı keçirilib.
Kitab Birləşmiş Millətlər İqtisadi və Sosial Şurası tərəfindən (ECOSOC) xüsusi müşavirlik statusu ünvanına sahib olan IFSPD-nin dəstəyi ilə nəşr edilib.
Baş Assambleyanın iclasında Türkiyə Cümhurbaşqanlığının sözcüsü İbrahim Kalın, Türkiyənin Xarici İşlər Nazirinin müavini Yavuz Selim Kırar, Türkiyə Cümhurbaşqanlığının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, ISFPD-nin sədr müavini Dr.İsmayıl Safi, bir sıra ölkələrin nüfuzlu diplomatları, beynəlxalq təşkilatların təmsilçiləri, mədəniyyət və elm xadimləri iştiak edib.

Kitab haqqında məlumat verən Dr.İsmayıl Safi professor A.Attarın qələmə aldığı elmi əsərin sadəcə Türkiyə və Azərbaycan üçün deyil, eyni zamanda dünyanın elmi və siyasi ictimaiyyəti üçün əhəmiyyətli mənbə olduğunu qeyd edib. O, bildirib ki, 24 aprel qondarma erməni soyqırımının əsl mahiyyəti, bu cür təbliğatın qarşısının faktlarla alınması və arxiv sənədlərinin təqdimatı baxımından “A problem of modernity – armenianism” kitabı çox qiymətlidir. Beynəlxalq Fondun tarixi faktlara söykənən kitabı ingilis dilində çap etdirməsi çox yaxşı haldır.
İ.Safi əlavə edib ki, bu əsərin 12-si Avropa ölkəsi olmaqla, 35 ölkənin kitabxanasına təqdim edilməsi nəzərdə tutulur. O həmçinin bildirib ki, professor A.Attarın bu kitabı elmi uğurdur və erməni diasporuna vurulmuş böyük zərbə kimi qiymətləndirilməlidir. Kitabın sadəcə Avropada deyil, Amerikada da böyük rəğbətlə qarşılanacağına əminliyini ifadə edib və Azərbaycan Prezidenti cənab İlham Əliyevin “bir millətin iki diasporu olmaz” tarixi sözünü xatırladaraq, Avropa və Amerikada fəaliyyət göstərən Türk diasporunun təmsilçilərinə kitabın həmin ölkələrdə geniş yayılması üçün çağırış edib.

Əsərdə 1917-ci ildə Çar Rusiyasında baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etmələri, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarında məqsədli məskunlaşdırılmasının bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar və XX əsrin əvvəllərində Anadolu bölgəsində, eləcə də Naxçıvanda erməni silahlı dəstələrinin insanlığa qarşı törətdiyi ağır cinayətlərdən bəhs olunur.
Kitabda Xocalı soyqırımı haqqında da geniş bəhs edilib, qədim Azərbaycan torpaqları – İrəvan, Zəngəzurla bağlı ətraflı məlumat və sənədlər əks olunub.

Kitabın Azərbaycanda Dövlət İdarəçilik Akademiyası və Beynəlxalq Mətbuat Mərkəzində, eləcə də Türkiyədə təqdimatı keçirilib, Ankara Milli Kitab Yarmarkasında imza günü təşkil edilib.
2018-ci ildə İstanbulda nəşr edilən kitabın Türk dilində olan ilk buraxılışı qısa zamanda satıldığı və Türkiyə ictimaiyyətində böyük maraqla qarşılandığı üçün təkrar nəşr edilib.
Xatırladaq ki, A.Attar kitabını prezident İlham Əliyevin 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra Türkiyəyə səfəri zamanı R.T.Ərdoğana və Azərbaycan Prezidentinə şəxsən təqdim etmişdi.
Sonda onu da qeyd edək ki, IFSPD Baş Assambleyasın 17-ci geniş iclasında Prof.Dr. Aygün Attar Fondun İdarə Heyətinin üzvü seçilib və bu Azərbaycan diasporunun böyük uğuru kimi qiymətləndirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png