ONN İnformasiya Agentliyi

ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ

ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ
08 Avqust 2023 - 9:41

Sazı ilə, sözü ilə böyük şöhrət qazanan, fitri qabiliyyəti, haqdan verilən ilhamı ilə saza da, sözə də böyük şöhrət qazandıran Dədə Ələsgər “Pənc Ali-Əba” adlı şeirində deyir:

Günahım dəryadı, özüm qanmışam,

Tutduğum işlərə çox utanmışam,

Püşti-pənahına daldalanmışam,

Adım Ələsgərdi, əslim göyçəli.

Beş bənddən ibarət olan bu qoşmada Aşıq Ələsgər ilahidən dərs aldığını, beş müqəddəs şəxsə (Məhəmməd (s), Fatimə (ə), Əli (ə), Həsən (ə) və Hüseyn (ə)) cani-dildən bağlı olduğunu bildirmiş, şeirin son bəndində isə həyatda onlara pənahlandığını, onlardan imdad və yardım istədiyini bildirmişdir. Böyük söz ustadı bu gözəl mədhiyyənin sonunda özünün də kimliyini nişan vermişdir: Adım Ələsgərdi, əslim göyçəli.

Görkəmli folklorşünas alim Hümmət Əlizadə 1934-cü ildə “Azərnəşr”də çap etdirdiyi “Aşıq Ələsgər” kitabında Aşıq Ələsgərin həyatını, yaradıcılığını ilk dəfə elmi əsaslarla işləmiş və oxuculara təqdim etmişdir. 150-dən çox şeiri Dədə Ələsgərin öz ailəsindən, yaxınlarından, ustadın şəyirdi olmuş aşıqlardan toplamışdır. H.Əlizadənin “Aşıq Ələsgər” kitabı oxucular, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandığından bir sıra təkmilləşdirmə və əlavələrlə birlikdə növbəti illərdə də iki dəfə dalbadal çap olunmuşdur. H.Əlizadənin nəşrində yuxarıda qeyd etdiyimiz bəndin son misrası aşağıdakı kimi verilmişdir:

Adım Ələsgərdi, özüm göyçəli.

Görəsən, bu iki variantdan hansı daha düzgündür və ya Aşıq Ələsgər bu misrada hansı sözü işlətmişdir: “əslim”, yoxsa “özüm”?

Şifahi xalq ədəbiyyatında çoxvariantlılıq az qala təbii hal kimi qəbul olunmuşdur. Ustad tərəfindən hansı sözün işləndiyini müəyyən etmək üçün xalq arasında, canlı danışıqda da işlənən ifadəyə diqqət yetirək: bir şəxs onu tanımayan adamların əhatəsində olanda soruşarlar:

– Adın nədir?

– Əhməd (Həsən, Kərim…)

– Özün haralısan?

– Göyçəli (bərdəli, bakılı…)

– Sənətin nədir?

– Aşıqlıq (dülgərlik, zərgərlik…)

Bu gün də cəmiyyətimizdə mövcud olan bu cür danışıq üslubuna əsaslansaq, deyə bilərik ki, qeyd etdiyimiz misra H.Əlizadənin nəşrində olduğu kimi işlənə bilərdi. Ancaq unutmayaq ki, bir insanın özünün haralı olması ilə onun əslinin haralı olması arasında bir xeyli məna fərqi vardır. İnsanın əslinin haralı olması onun ən azı iki-üç nəsil o yerlə, o yurdla bağlılığını göstərir. Eyni zamanda “özüm” sözü ilə müqayisədə “əslim” sözü daha köklü, budaqlı, daha sanballı səslənir. Buna görə də belə hesab edirik ki, şeirdəki bu misra məhz “Adım Ələsgərdi, əslim Göyçəli” şəklində daha düzgündür, daha məntiqlidir. Bu nöqsan sonrakı nəşrlərdə aradan qaldırılmışdır.

Müasir el şairlərindən Bəhmən Vətənoğlu da:

Əslim, nəslim o torpaqdan yaranıb,

Ulu babam olub Kəlbəcər mənim, –

misraları ilə əsil, nəsil sözlərinin məna tutumunun böyüklüyünü, dəyərini göstərə bilmişdir.

Eyni münasibəti, oxşar deyim tərzini, yəni mənsub olduğu ellə, mahalla bağlı olduğunu bildirən bəndləri, bütöv şeirləri əksər söz adamlarının yaradıcılığında görə bilərik. Aşıq Ələsgərin istadı Aşıq Alı da demişdir:

Camalın şövqündən dilim olub təng,

Çayda balıq olar, dəryada nəhəng.

Mahalım Göyçədi, kəndim Qızılvəng,

Aşıq Alı birdir, birə bir gərək.

Şifahi ədəbiyyatla bərabər yazılı ədəbiyyatın da əksər nümayəndələri doğulub boya-başa çatdıqları torpağı öz əsərlərində məhəbbətlə tərənnüm etmişlər. Hətta bir çox şairlər ədəbiyyat tarixinə öz nisbələri ilə – şairin doğulduğu yerin adı ilə düşmüşlər. Məsələn, Nizami Gəncəvi, Xaqani Şirvani, Sahib Təbrizi.

Bizim diqqətimizi Dədə Ələsgərin “Pənc Ali-Əba” qoşmasında bir məsələ daha çox cəlb etdi. Beş bəndlik bu şeirin ilk üç bəndində Məhəmməd peyğəmbər (s) və onun əhli-beyti (ə) tərənnüm olunur, dördüncü bənddə isə “xaliqi-ləmyəzəl”in qüdrətindən bəhs olunur. Eyni zamanda Dədə Ələsgər özünə də haqdan kamal payı verildiyini fəxrlə qeyd edir. Qoşmanın beşinci bəndində isə günahlarının çox olduğunu bildirir və bağışlanmasını diləyir. Bəndin son misrasında isə deyir: “Adım Ələsgərdi, əslim Göyçəli”.

İlk baxışda şeirin ümumi ruhu, məzmunu ilə son misranın məna bağlılığı zəif görünür. Zənn etmək olar ki, müəllif təxəllüsünü göstərmək və qafiyəni tamamlamaq üçün belə demişdir. Əslində isə Dədənin qoyduğu mətləb daha ciddidir:

Qəbr evində ölüdən soruşulan ilk suallar pərəstiş etdiyin Allah, sənə göndərilən peyğəmbər və etiqad etdiyin dinlə bağlı olacaqdır. Məhəmməd peyğəmbər (s) və əhli-beyti (ə) sevmək də qəbir əzabını yüngülləşdirən səbəblərdən biridir.

Dədə Ələsgər bu son misra ilə sakini olduğu Göyçə mahalının da, şəxsən özünün də Həzrəti Əli (ə) şiələrindən olduğunu və söykənəcək yerinin Əhli-beyt (ə) olduğunu bildirmişdir.

Bu baxımdan biz aşıq şeirinin son böyük nümayəndəsi Dədə Ələsgərlə türk dünyasının ən böyük söz sənətkarlarından olan Məhəmməd Füzulinin baxışları arasında bir yaxınlıq görürük.

Ey Füzuli, məskənim çün Kərbəladır, şeirimin

Hörməti hər yerdə vardır, xəlq onun müştağıdır.

Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvaridir,

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

Şair bu qitəsində Kərbəlada sakin olduğunu, əşarının hər yerdə hörmətlə qarşılandığını və xalqın onun şeirlərinə müştaq olduğunu bildirir. Əhli-beyt (ə) aşiqlərinin ən böyüklərindən, ən istedadlılarından, ən məşhurlarından olan Məhəmməd Füzuli öz şeirlərinin belə məruf və fəzalətli olmasını müqəddəs Kərbəla torpağının hesabına yazmağı məqbul bilmişdir.

Məlumdur ki, Həzrəti Məhəmməd peyğəmbər (s) və onun pak əhli-beyti öz sağlıqlarında ümmətin rəhbəri və yolgöstərəni olmuşlar. Vəfat etdikdən sonra isə onların pak ruhları müsəlmanların imdad yeri və Allah qarşısında şəfaət mənbəyidir. Peyğəmbərin əmisioğlu, kürəkəni, islamı qəbul edən ilk kişi olan Həzrəti Əli (ə) müdriklik, dürüstlük, igidlik, hörmət, səxavət rəmzi kimi tanınır. O, təsəvvüfdə təfsir, fiqh və dini fikir sahələrində ən yüksək, qeyri-adi bilik sahibi kimi məşhuri-aləmdir.

Məhəmməd peyğəmbər (s) nəslinin davamçısı olan Həzrət Əlinin (ə) şəhadətə yetişməsindən sonra onun böyük oğlu İmam Həsən də zəhərlənərək öldürülür. Həzrət Əlinin (ə) ikinci oğlu İmam Hüseyn əleyhissalam islam dininin yaşaması, müsəlmanların öz şəxsiyyət və əzəmətlərini itirməməsi üçün qiyam etdi, əziz adamları, yaxınları ilə birlikdə öz canını da qurban verdi.

İmam Hüseynə (ə) Allahın bəxş etdiyi kəramətlərdən biri də onun dəfn edildiyi torpağın fəzilətlərə sahib olmasıdır. Həm şiə, həm də sünni məzhəbinə məxsus mənbələrdəki hədislərdən məlum olur ki, peyğəmbərimiz öz həyat yoldaşı Ummu Sələməyə bir ovuc Kərbəla torpağı verərək demişdir:

-Nə vaxt bu torpaqda qan damcısı görsən, Hüseynin (s) şəhid olduğunu bil.

Ummu Sələmə həmin torpağı şüşə qabın içinə salıb saxlayır. Üstündən 50 il keçəndən sonra İmam Hüseyn (ə) Kərbəla şəhərinə doğru səfərə çıxır. Ummu Sələmə hər gün şüşə qaba baxsa da, bir axşam qabın içindəki torpaqda qan damcılarının olduğunu görür və İmam Hüseynin (ə) şəhid edildiyini yəqin edir. Matəm saxlayır və baş vermiş faciəni Mədinə əhlinə xəbər verir.

Bu tarixi məlumatları İmam Hüseyn (ə) aşiqi olan, onun məqbərəsində çıraqban işləyən böyük qəzəl ustadı Məhəmməd Füzuli də dəqiq və ətraflı bilmişdir. Buna görə də Kərbəla torpağında yaşayıb yaratması ilə fəxr etmişdir.

Allaha olan böyük eşqini, Məhəmməd peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) olan sonsuz hörmət və ehtiramını Məhəmməd Füzuli “Leyli və Məcnun”, “Həqiqətüs-Şüəda”, “Hədisi-Ərbəin” kimi möhtəşəm əsərlərində təsvir və tərənnüm etmişdir.

Biz bu kiçik yazıda Aşıq Ələsgərin bir şeirindən bir bənd və Məhəmməd Füzulinin bir qitəsi üzərində mülahizə yürütdük. Bu iki sənətkarın arasında böyük bir zaman, məkan fərqi olsa da, onlar ədəbiyyatın ayrı-ayrı qollarının (şifahi və yazılı) təmsilçiləri olsalar da, ayrı-ayrı üsluba, təsvir və tərənnüm vasitələrinə malik olsalar da, onları birləşdirən vahid bir ideya var: Hər iki sənətkar Allaha, Qurana, sonuncu peyğəmbərə sidqi-ürəkdən bağlıdırlar. Hər iki sənətkar Məhəmməd peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) böyük ehtiram və hörmət bəsləyən, onlardan mənəvi qida alan ölməz söz ustadlarıdırlar.

Hər iki sənətkara Allahdan rəhmət diləyirik.

Salman Qaralar (Balakişiyev)

Şair, publisist

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png