Baba Nemətullah Naxçıvaninin şah əsəri

Azərbaycanın hər guşəsində İslam dinini əsərlərində təbliğ edən görkəmli alim və sənətkarlar yaşayıb. Onların fəaliyyəti İslam dininin möhkəmlənməsində, genişlənməsində, eyni zamanda bu dinin elmi baxımdan izahında mühüm rol oynayıb. Qədim Naxçıvan diyarı həm də belə şəxsiyyətləri ilə tanınır.

Baba Nemətullah Naxçıvani də Naxçıvanın adını yüksəklərə qaldıran alimlərdən olub. O təkcə ilahiyyat elmində deyil, həm də dünyəvi elmlərdə mahir idi. Dövrünün böyük övliyalarından olan görkəmli alim bir çox sahədə söz və hikmət sahibi olub. Anadoluya gəlmədən öncə yazdığı, “Qurani-Kərim”in bütün ayələrinin təfsir edildiyi “Əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi”) əsəri daha çox təsəvvüf ağırlıqlıdır. Bu əsər zamanında osmanlı alimləri tərəfindən pul toplanaraq nəşr etdirilib. Təfsir dünya şöhrətli naxçıvanlı alim Baba Nemətullah Naxçıvaninin ən mükəmməl əsəridir.

Qeyd olunan əsər “Qurani-Kərim”in ilk təsəvvüf təfsiri olaraq qəbul edilir. Müqəddəs kitabdakı surələr əsərdə son dərəcə böyük ustalıqla şərh olunub. 1495-ci ildə Təbrizdə başa çatdırdığı kitabda müəllif hər bir surənin məzmununu müvafiq girişlə başlayıb, nəticəsini də mükəmməl şəkildə yekunlaşdırıb. Əsər üç cilddən ibarətdir. İlk cilddə 13, ikinci cilddə 20, üçüncüdə isə 81 surənin təfsiri və şərhi yer alıb. 
İlk cild 900, ikinci cild 773, üçüncü cild 904 səhifədən ibarətdir. “Əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə” əsərində alimin şərhlərinə diqqət yetirdikdə aydın olur ki, Baba Nemətullah Naxçıvani son dərəcə yüksək mədəniyyət və dühaya sahib alim olub. O, əsərlərində ən başda “Beyzavi” təfsiri olmaqla bir çox təfsirdən nümunələr verib. Bu da onun geniş səpkili mütaliəyə sahib olduğuna işarədir.
Bəhs etdiyimiz əsər təsdiq edir ki, dahi alim “Qurani-Kərim”i əzbər bilib və bu dəyərli kitaba böyük hörmət bəsləyib.
Qeyd edək ki, Naxçıvani məşhur təfsirini qələmə alarkən heç bir ədəbiyyatdan istifadə etməyib, öz fikirlərini sərbəst şəkildə, böyük elmi ustalıqla qələmə alıb. 
Bu barədə alimin özü qeyd edib: “Allah-Taalaya and içirəm ki, bu fəqir və vacib olmayan qardaşınız, bu əsəri qələmə alarkən bir sıra xülasə və sənədlərə müraciət edərək yazan, Yaradan və yaradılanlardan bəhs edərkən səhvə yol verən saxta sofilərdən deyildir. Əsərdə nə varsa, hamısı Allah-Taalanın bəxş edib ortaya çıxardığı dəyərli izahlarıdır. Bu əsər Quranın kəlmələrini izah edir”.
Məhəmməd Peyğəmbərin həyat tərzindən başqa heç bir həyat tərzini qəbul etməyən bu böyük ustad şəriət, təriqət, həqiqət, mərifət və ilahi sirlər mövzusunda bir çox alimi özünə heyran etməyi bacarıb.
Əsərin orijinalı, Baba Nemətullah Naxçıvaninin əl yazısı ilə yazdığı nüsxəsinin II cildi Topqapı Sarayı III Əhməd xan kitabxanasında (İstanbul) mühafizə olunur. Bu kitab 1908-ci ildə Mətbəə-i-Osmaniyyədə iki cilddə nəşr olunub. Əsəri başa düşənlər az olduğundan yenidən nəşr olunmayıb. 
Baba Nemətullah Naxçıvani “Əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə” əsərinin girişində yazır: “Qardaşlarımdan və dostlarımdan arzum budur ki, bu əsərə, sadəcə, ibrət gözü ilə baxsınlar. Fikir bildirərkən mənəvi zövq və vicdan hissi ilə oxusunlar. Sübut, nəfsi-hesab və təxminlə yox, real təhlil və müşahidə ilə yanaşsınlar”.
Əsərin tərcümə edilib nəşrə hazırlanmasında məqsədimiz böyük alimin irsini arzuladığı səpkidə öyrənmək və ictimaiyyətə çatdırmaqdır.

Nərgiz İSMAYILOVA