ONN İnformasiya Agentliyi

Dünya məndən inciməsin

Dünya məndən inciməsin
30 Yanvar 2018 - 19:25

Şair Mikayıl Bozalqanlının bir neçə şeirinin nəzəri təhlili
Vətən adlı torpağın
Mən alın yazısıyam.
(M.Bozalqanlı)

Günümüzdə klassik üslubda şeir yazmaq olduqca çətinləşib. İndi yazılan şeirlərə baxanda sanki sözün tükəndiyi aydın görünür. Müasir dövrdə klassik şeirin bütün formalarında yazıb-yaradan şairlərə çox az-az rast gəlirik. Çox zaman klassik ənənədən uzaqlaşıb şeirin sərbəst formasına müraciət edən şairlər var. Şübhəsiz ki, şeirin bütün formaları gözəldir və poeziya bağının əvəzsiz inciləridir. Hal-hazırda şeirin klassik formasında yazmaq, klassik şeirin bütün nəzəri biliklərini yaradıcılıqda qorumaq şairdə ilhamla yanaşı dərin bilikdə tələb edir. Bunlara əməl edən şairlər yükəsk səviyyədə poetik əmək nümayiş etdirirlər.
Klassik ənənənin gözəl bilicilərindən biri, şeirlərində nəzəri biliklərin qorunub saxlandığı şair Mikayıl Bozalqanlının yaradıcılığı diqqət cəlb edir. Onun şeirlərində Ədəbiyyat nəzəriyyəsinin qayda-qanunu, poeziyanın özünəməxsus dili, şairin bədii nitqi, elmi-fəlsəfi təfəkkürü, poetik müdrikliyi aydın hiss olunur. 
Şairin aşağıdakı gəraylısına müraciət edək:

Mən bir kimsəsiz qəribəm,
Təki sən sevil, sən sevil. 
Dəvəsi ölmüş ərəbəm,
Təki sən sevil, sən sevil.

Bir bənd gəraylıda üç incə sait daha çox işlənib. “İ”, “ə” və “e” incə saitlərin bir bənddə işlədilməsi şairin şeirə orijinal bədii rəng vermə qabiliyyətinin təsdiqini göstərir. Bununla yanaşı “ö” və “ü” incə saitlərini də nəzərə alsaq bu gəraylı incə saitlərin ahəngi əsasında yaranır. Həmçinin “i”, “ə” və “e” incə saitləri ayrılıqda dodaqlanmayan saitlərdir. Bu cür müfəssəl şeir nümunələrinə günümüzdə çox az-az rast gəlirik. 
“Təcnis” şeirin çətin yazılan növlərindən biridir. Bu gün yazılan şeirlərdə təcnislərə az-az rast gəlirik. Mikayıl Bozalqanlı yaradıcılığında maraqlı təncnislər şeirsevərlərin diqqətini cəlb edir.

Qara zülfə yoxdurmu bir qadağa,
Çal başına, çal çalmanı, çal indi.
Bir canım var, olsun sana sadağa,
Çal özümdən apar məni, çal indi.

Yuxardakı təcnis olduqca diqqət cəlb edir. Ədəbiyyat nəzəriyyəsinin bütün nəzəri bilikləri qorunmaqla yanaşı şairin fəhminin qüdrətidir ki, “Çal” sözü bir neçə dəfə müxtəlif mənalarda şeirin əvvəlində, ortasında və axırında işlənir.

Rəngini, ruhunu duyuram sənin,
Tamını, qoxunu duyuram sənin,
Varını, yoxunu duyuram sənin,
Ey günah, sən mənsən, mən sənəm elə.

Şairin “Günah” adlı şeirindən götürülmüş yuxardakı şeir parçası yüksək səviyyəli nəzəri bilikləri özündə cəmləyib. Bu şairin ilhamının dərinliyindən və Haqdan gəldiyini göstərir. Həqiqətən belə şeir nümunələri az-az dünyaya gəlir. Öncə qeyd edək ki, yuxardakı şeirdə sonar samitlərin (l,m,n,r) çoxluğu diqqət cəlb edir. Xüsusi ilə də sonar samitlərin hər biri şeir nümunəsində işlənib. Burada “m” və “n” sonar samitlərinə daha çox rast gəlirik ki, buda xüsusi bir haldır. Bununla yanaşı şeir nümunəsində dodaqlanan “u” saitinin çoxluğu diqqətdən kənarda qalmır. Həmçinin dodaqlanan “u”, “ü” və “o” saitlərinin işlənməsi şeirə gözəllik verir. “Ey günah, sən mənsən, mən sənəm elə” misrasındakı “ə” inc saitinin çoxluq təşkil etməsi isə şeirin nəzəri yükünü daha da artırır.

Dərdlərimin dərdlərini çəkməkdən
Dərdlərin sirdaşı dərdkeşəm indi.
Usanmadım becərməkdən, əkməkdən-
Dərd bağbanlıqdır iş-peşəm indi.

Yuxarda verilmiş qoşmada “d” samitinin akustik həmrəyliyi tələffüzə xüsusi çeviklik qazandırır. Bu cür samitlərin təkrarlığı şeirin poetik ahəngini və oxunaqlığını artırır. Belə şeirlərin yazılması şairdən böyük məharət tələb edir. Xüsusi ilə də qeyd etmək olar ki, bu cür şeirlər hər zaman dünyaya gəlmir.
Şair Mikayıl Bozalqanlının yaradıcılığında yuxarda təhlili verilən şeir nümunələrinə çox rast gəlmək mümkündür. Digər şeirlərdə şairin filoloji təfəkkürünün yüksək olmasından xəbər verir. Mikayıl Bozalqanlının poeziya dili daha oxunaqlı və şirindir. Özünün fərdi üslubu ilə daha maraqlı şeir nümunələri yaradır. Şeirlərində olan poetik formalar poeziyanın zənginləşməsinə təkan verir. Şairə yaradıcılıq yoldu uğurlar arzu edirik.

Mahmud Əyyub

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png