Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli ROMANI

Yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı yenicə çapdan çıxıb. Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə açılır.

ONN media xəbər verir ki, “Zərdabi nəşr” MMC tərəfindən nəfis tərtibatda çap edilmiş romanda 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, soyqırımlarından bəhs edilir. Eyni zamanda, el qəhrəmanları Sultan bəy və Xosrov bəy qardaşlarının, onların başçılıq etdiyi özünümüdafiə dəstələrinin şücaəti sayəsində Andronik Ozanyan, Karo Hambarsumyan, Njde Qaregin, Dro Kanayan və başqalarının məğlubiyyətə uğradılmasından söhbət açılır.

Rusiya və Kanada Elmlər akademiyalarının akademiki, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Ziyadxan Nəbibbəyli roman haqqında şərhində yazıb: “XX əsrin əvvəllərində baş vermiş rus inqilabı, inqilab rəhbərlərinin Azərbaycanı işğal etməsi, bu sahədə ermənilərdən istifadə və eyni zamanda, ermənilərin rus inqilabçılarından istifadə edərək Azərbaycan torpaqlarında özlərinə dövlət qurmaları və hər fürsət düşəndə rusların yardımı ilə Azərbaycandan yeni-yeni torpaq sahələri qoparmaq, doğma torpaqlarından azərbaycanlıları sıxışdırıb çıxarmaq, qəddarcasına soyqırımı aparmaq məsələləri dəyərli səviyyədə qələmə alınıb.

Müəllif romanda zəngəzurluların vətənə bağlılığı, döyüşkən ruhu, ermənilərlə ölüm-dirim savaşında onlara rəhbərlik etmiş – əslən Laçın rayonundan olan Sultan bəyin, qardaşı Qarabağın general-qubernatoru olan Xosrov bəyin vətən qarşısında fədakarlığı əsərin aparıcı xəttidir və tarixi məlumatlar səlis olaraq verilib”.

Romanda, həmçinin Qarabağın və Zəngəzurun fövqəladə komissarı olmuş Aslan bəy Sultanovun fəaliyyəti real hadisələr əsasında təsvir edilib, tarixdə adı və izi qalmış bu el qəhrəmanının mükəmməl obrazı yaradılıb. Əsərdə daşnaklarla mübarizədə misilsiz xidmətləri olan Çingiz İldırımın fəaliyyəti haqqında da söhbət açılır. 1920-ci ildə Qarabağı erməni işğalından qorumaq üçün əsgərləri ilə bu savaşda iştirak edən general Həbib bəy Səlimovun igidliyi, vətənpərvərliyi haqqında geniş məlumat verilir.

Professor Ziyadxan Nəbibbəylinin yazdığı kimi, romanda adları çəkilən qəhrəmanların hər birinin həyatından, fəaliyyətindən böyük bir əsər yazmaq olar: “Bir romanda xeyli sayda tarixi şəxsiyyətləri bir araya gətirmək hər yazara qismət olmur və onu bacarmaq heç də asan məsələ deyildir”.

Yazıçı səkkiz fəsildən ibarət romanının hər fəslinin əvvəlində, təsvir edilən hadisələrə uyğun olaraq, ayrı-ayrı ziyalı, yazıçı, tarixçi, dövlət, ictimai-siyasi xadimlərin (Serqi Sadjaya, Napoleon, Şeyx Şamil, A.Frenklin, Mustafa Kamal Atatürk, Aleksandr Qriboyedov, Samuel Vims, Qolitsın) erməni xisləti haqqında bir-birindən xəbərsiz söylədikləri tarixi həqiqətləri ortaya qoyur və beləliklə da öz fikirlərini əsaslandırır. Məsələn, “Çaqqalların üsyanı” adlı birinci fəsildə müəllif gürcü yazıçısı Serqi Sadjayanın “Ermənilər şir deyil, güclü dövlətlərə qulluq göstərən çaqqallardır” fikrini qeyd edib ki, bunu şərh etməyə ehtiyac yoxdur. Elə bu fəsildə yazıçı Güllü Məmmədova rus tarixçisi İqor Peçenevin ermənilər haqqında söylədiyi fikirləri də xatırladır: “Bu xalq əsrlərboyu vətənsizlik dərdi əkib. Bu, çox acı nəticəyə – elmdə “Erməni xisləti” adlandırılan sindromun meydana çıxmasına səbəb olub. Guya nə zamansa dövlətlərinin, dövlətçilik ənənələrinin olduğunu deyəndə də yalan danışırlar. Uydurduqları tarixi özlərindən başqa təsdiq edən yoxdur”.

Yazıçı bu fəsildə Andronikin Zəngəzurda olduğunu, onun Sultan bəy Sultanovun dəstəsi ilə yerləşdiyi məkanı öyrənməyə başladığını, hücum planı hazırladığını ətraflı təsvir edib.

“Dağların sultanı Sultan bəy” adlı ikinci fəsildə Napoleonun “Türkü öldürmək olar, ancaq onu məğlub etmək olmaz” fikri sitat gətirilir. Yazıçı bunu Sultan bəyin mübarizəsi fonunda xatırladır: “Bu savaş ölkələrin savaşı deyildi. Bu savaş cəngavərlərin də savaşı deyildi. Bu savaş xeyirlə-şərin, mərdlə-namərdin, haqlı ilə haqsızın savaşıydı…” Yəni Andronik başqa-başqa dövlətlərin köməyindən, silah-sursatından istifadə edərək özünün və dəstəsinin xəstə təxəyyülündən irəli gələn savaşa girmişdisə, Sultan bəy isə öz vətənpərvər, igid müdafiəçiləri ilə, silahsız, günahsız insanları və onların doğma torpaqlarını müdafiə edirdi. Müəllif bu fəsildə, həmçinin Əmir Teymurdan, I Pyotrdan, I Nikolaydan, 1828-ci il Rus-İran müharibəsindən danışıb, tarixi gerçəklikləri bir daha xatırladıb.

Yazıçı əsərinin üçüncü fəslini “Qaragöldən başlanan zəfər” adlandırıb və strateji əhəmiyyətli bu yaylağın erməni işğalına düşməməsi üçün Sultan bəyin və silahdaşlarının apardıqları mübarizədən, onların erməniləri məğlubiyyətə uğratmasından söz açıb. Romanda Zəngəzur qızlarının da igidliyindən, mərdliyindən danışılıb və bu, Humayın timsalında ümumiləşdirilib.

Oxucu “Lənətlənmiş quldurbaşı” adlı fəsildə daşnak ruhda böyümüş Andronikin tərcümeyi-halı ilə tanış olur.

“Nuru paşanın əsgərləri Qarabağda” fəslində, həmçinin əfsanəvi komandan Cəmil Cahid haqqında danışılıb.

Romanın “Zabıxda yazılan qəhrəmanlıq dastanı” adlı altıncı fəslində Andronikin Zəngəzurda törətdiyi soyqırımları haqqında geniş məlumat verilir. Onun qızıl təklif etməklə Sultan bəyi ələ almaq, onun köməyilə Abdallardan keçib Şuşaya girmək niyyəti ifşa edilir. Sultan bəy və Xosrov bəyin Zabıx savaşında düşmənin çoxsaylı qüvvələrini məhv etdiyi təsvir olunur.

“Qarabağ od içində” fəslində yazıçı bu diyarın ağrılı-acılı və şərəfli mübarizə tarixini oxuculara çatdırmağı qarşısına məqsəd qoyub. O, amerikalı alim Samuel Vimsdən sitat gətirib: “Ermənilər öz cinayətkar əməlləri ilə heç də alman nasist tərəfdaşlarından geri qalmırdılar… Şükür etmək lazımdır ki, ermənilərin sayı 2 milyondan çox deyil. Onların ərazisi və əhalisi Almaniyanın ərazisinə və əhalisinə bərabər olsaydı, onda bütün dünya məhvolma təhlükəsi qarşısında qalardı”.

Romanda ermənilərin öz qadınlarından çirkin siyasi niyyət üçün istifadə etməsi, plan baş tutmadıqda şərə-böhtana əl atması da əksini tapıb.

Səkkizinci fəsil “Qələm düşmən əlində” adlanır. Bu fəslin başlanğıcında Qafqaz canişini Qolitsının ermənilər haqqında sözləri oxucunun diqqətinə çatdırılıb: “Türkiyə sərhədindən Rusiya ərazisinə keçən 300 min erməninin Araz çayı sahilində məskunlaşmasına yol vermək olmaz. Ona görə ki, ermənilər Qafqazın tarixi xalqlarını bur-birinə düşmən edəcək, onların arasında çaxnaşma salacaq… Yaxşı olar ki, ermənilər Qafqazın səhralarındakı boş torpaqlarda və ya Sibirdə yerləşdirilsinlər”.

Əsərdə sovet hakimiyyəti dövründə Zəngəzur mahalının Ermənistana verilməsinn səbəbi tarixi faktlarla açıqlanır.

Qeyd edək ki, bu kitab çapa hazırlanarkən Qarabağ uğrunda Vətən müharibəsi Zəfərlə bitib, Şuşada Azərbaycan bayrağı dalğalanıb.

Xatırladaq ki, yazıçı Güllü Məmmədova bundan əvvəl “Qarabəkir əfsanəsi”, “Kalbalı xan”, “Qan işində işıq” tarixi-sənədli romanlarını qələmə alıb. “Qan içində işıq” Türkiyədə türk dilinə çevrilərək nəşr edilib. O, “Mənim üçün varsan” adlı romanın, povest və hekayələrdən ibarət beş kitabın da müəllifidir.