ONN İnformasiya Agentliyi

Hekayələr – Qəşəm İsabəyli

Hekayələr – Qəşəm İsabəyli
04 Yanvar 2018 - 19:39

Aauuu…

Babasıyla məktəbdən qayıdan Şəm-Şəm ikinci mərtəbəyə qalxan kimi qaçıb durardı arxa həyətə baxan pəncərədə:

-Babacan, baax, canavar olmuşam – və ulayardı. – Aauuu… aauuu…

-Gəl gedək, qonşuları güldürmə bizə! – Baba qolundan çəkərdi.

Bu yay kəndə – nənəsinə qonaq gəlmişdi. Axşam olan kimi babasının əlindən yapışdı:

-Getdik.

-Hara?

-Ulamağım gəlir!

-Ulama, nənən qorxar.

-Nənə?

-Caa-an!

-Qorxma, ha.

-Maşallah, oğlum yanımda, nəvəm yanımda, nədən qorxacam, ay bala?!

-Bilirsən da, mən canavar oluram hərdən?

-Nəəə… canavar?

-Bax, indi ulayacam!

-Ulayacaqsan?! Vallah, itlər  gəlib şalvarını çıxardar, sakit otur.

-Qorxma, babam yanımdadı. – Şəm-Şəm balkonun arxa həyətə baxan tərəfinə keçdi:

-Aauuu… aauuu… aauuu…

-Necədi, nənə?

-Əsl canavarsan ki, lap!

Şəm-Şəm sevinə-sevinə qaçıb girdi yerinə – yorğanı çəkdi başına.

Sabah axşam da dünənki yerindəydi:

-Aauuu… aauuu… aauuu…. aaa… – Birdən dayandı. – Ba-ba,  o işıq nədi?

Baba diqqətlə baxıb, birdən itləri çağırdı:

-Alabaş, tut, Qarabaş, tut!

Bayaq itlər hürə-hürə həyətin arxasına cumdu. Qonşuların iti də onlara qoşuldu.

İşıqlar  yoxa çıxmışdı.

-Baba, o nə idi?

-Canavar.

 

Ayı və ovçular

Ayı dəmir qəfəsin küncündə oturub, mürgü döyürdü. Şəm-Şəm də babasıyla gəlib qəfəsin qabağında dayandı.

-Babacan, səndən gizli bir iş görmüşəm.

-Nə iş? – Baba qaşlarını çatdı.

-Danlamazsan?

-Əlbəttə!

-"Hə",  "yox"?

-Yox.

-Ayıya bal gətirmişəm.

-Çaşmısan, deyəsən, ayı, irağ olsun, qolunu dibindən qopardar.

-Qoparda bilməz! – Şəm-Şəm əlini cibinə salıb, dörd bükülü bir vərəq çıxartdı. – Bax, babacan, balı buna bükmüşəm.

-Ay qırışmal! – Baba güldü. –

Baxım?

-Ayıdan sonra. – Şəm-Şəm vərəqi açıb, qəfəsə yaxınlaşdı. – Ey, əyripəncə, gör sənə nə gətirmişəm! – Ayı gözlərini açıb, baxdı… baxdı, sonra da qalxıb irəli yeridi. Şəm-Şəm geri çəkildi. – Olmaz, əyripəncə, olmaz! Yaxına gəlmə, qorxuram!

Ayı alnını qəfəsə dirəyib, birdən sağ pəncəsini qabağa uzatdı.

-Əllə danışma! Yaxşısı budur, dilini çıxart, balı qoyum üstünə. Arısı da var ha, vursa, mənlik deyil. – Şəm-Şəm kağıza çəkdiyi bal pətəyini azca qabağa uzatdı.

Ayı baxdı-baxdı…  yavaşca dönüb, gedib oturdu bayaqkı yerində.

-Qorxaq!

-Bəri tut, görüm! – Baba şəklə baxdı. – Gözəl çəkmisən! Bax, pətəyin bu tərəfində ayı şəkli də çəksəydin, lap əla olardı.

-Düz deyirsən, babacan!

Ayı üzünü yana çevirib, küsülü kimi oturmuşdu.

Bu zaman iki ovçu gəlib durdu qəfəsin qabağında: 

-O deyil?

-Özüdür ki, var.

-Bir az arıqlayıb, deyəsən?

-Bir var  meşə – azadlıq, bir də var – zoopark. Bura heyvanların həbsxanasıdır. Kökəlməyəcək ki!

-Ey… əyripəncə, gəlmişik, ha!

-Bax gör bizi tanıyırsan?

 Ayı başını səsə çevirdi. Əvvəlcə küt-küt baxdı. Sonra gözləri böyüyən kimi oldu. Bayaq dartınıb yerindən qalxdı:

-Ö…ö…ö… ööö… – var gücüylə  anqıraraq, ovçulara tərəf atıldı. Dəmir barmaqcıqlara dəyib, yanı üstə aşdı.

-Gördüün, tanıdı!

-Necə tanımasın, neçə dəfə  üz-üzə gəlmişik, neçə dəfə gülləyə tutmuşuq, tələyə salmışıq…

-Yuxu iynəsiylə vurmasaydıq, indi o dünyalıq eləmişdi bizi.

-Ööööö…. – ayı sakit olmaq bilmirdi – anqıra-anqıra  özünü qəfəsə çırpır, başını dəmir şəbəkəyə döyürdü.        

-Görürsən nə kinlidi, parçalamaq istəyir bizi?

-Ööööö… – ayının səsi xırıldamağa başlamışdı.

Bu zaman zooparkın işçiləri gəlib ovçuları götürüb apardı.

Ayı sakitləşən kimi yerə çökdü – yırğalandı-yırğalandı və yanı üstə aşdı – tappadan başı dəydi beton döşəməyə – xırıldadı. Bayaq ağzından qara qan açıldı. Çırpınıb-çırpınıb, arxası üstə düşüb qaldı.

Şəm-Şəm qorxmuş halda babasına baxdı. Baba qolundan çəkdi:

-Gəl gedək!

-Ayıya nə oldu, baba?

 

Şəm-Şəmlə Nökərin əhvalatı

-Şəm-Şəm…

-Xorrr…

-Ay Şəm-Şəm!

-Hmmm…

-Səhər açılıb, dur!

-Qoy yatım!

-Dur!

-Durmuram! Sən kimsən?!

-Mən sənin nökərin!

-Rədd ol… – Şəm-Şəm qışqırdı.

-Şəm-Şəm, dur… dur…

-Qoy ya-a-a-tım, nökər oğlu Nökər! -Şəm-Şəm bağırıb ağzı üstə çevrildi.

Bayaq Nökər sağ əlini havaya qaldırıb, cəld aşağı endirdi  – şap… şap… şap…

-Adə, -Şəm-Şəm dik atıldı, – yaramaz, neyləyirsən!? – Yanını ovxalaya-ovxalaya çarpayıdan yerə tullandı. -Rədd ol gözümün qabağından!

Bayaq Nökər sağ əlini düyünləyib yeridi Şəm-Şəmin üstünə.

-Aaa… – Şəm-Şəm mat qaldı, – bu lap, deyəsən mənim baş-gözümü əzmək istəyir?! – Güclə özünü eşiyə atdı. Qapını dartıb, çöldən bərk-bərk bağladı. Az qalırdı qapı qırılsın – taq… taq…

 

***

Ad günü münasibətilə Babası Şəm-Şəmə xeyli pul vermişdi. O da gedib özünə Robot almışdı. Adını da qoymuşdu "Nökər". Bu Nökər həm ağıllıydı, həm də üzüyola. 

Hərdən top-top oynayırdılar, hərdən gəzməyə gedirdilər. Bəzən də Şəm-Şəm görürdü bərk istidi, çağırıb Nökəri yollayırdı marketə:

-Tut pulu, get mənə dondurma al.

Nökər gedirdi, bir dondurma əvəzinə ikisiylə qayıdırdı.

Şəm-Şəmin gözləri çıxırdı kəlləsinə:

-Adə, nökər oğlu Nökər, olmaya oğurlamısan?!

Robot Azərbaycan türkcəsini anlasa da, danışa bilmirdi. Odur ki, "yox" əvəzinə başını yelləyirdi. Şəm-Şəm tez qaçırdı marketə:

-Xala, mənim Nökərim sizdən dondurma oğurlayıb, buyurun, gətirmişəm.

Satıcı gülərdi:

-Birincisi, Nökərin üstünə oğurluq yıxmayın, cənab. İkincisi də nökər xoşuma gəldi, bir dondurma da pay verdim.

***

Şəm-Şəm yaxşı oğlan olsa da, yaman yuxucul idi. Oyatmasaydın, axşamacan yatardı. Robotu da elə buna görə almışdı:

-Məni səhər saat 08.00-da durquzarsan. Durmasam, qalın ətimə bir-iki şapalaq çəkərsən! Bərk yox, ha, diksinərəm, yavaşca!

Robot da kişi kimi sözünün üstündə durmuşdu – Şəm-Şəm oyanmayanda bir-iki şapalaq çəkmişdi… Amma neyləsin ki, əli dəmirdən idi – ağrıtmışdı.

Elə həmin günü Şəm-Şəm Babasıyla Robotu aparıb Təzə Bazarda satdı. Bundan sonra bütün işləri düşdü öz boynuna – gəzməyə tək çıxırdı, oynamağa tək gedirdi, ürəyi istəyəndə gedib dondurma alırdı. Hər dəfə də satıcı qadın onu sorğu-suala tuturdu:

-Özün niyə gəlirsən, nökəri yollasana?!

Şəm-Şəm də mızıldayırdı.

Bir məsələ vardı ki, daha Şəm-Şəm yatıb günortaya qalmırdı. Axşam da televizora baxmadan yerinə girirdi ki, səhər tez oyansın.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png