ONN İnformasiya Agentliyi

“İsgəndərnamə” poeması

“İsgəndərnamə” poeması
03 Fevral 2019 - 14:15

İsgəndərnamə (fars. اسکندرنامه‎) — Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan əsərlərindən sonuncusudur. Poemanın 1200-1203-cü illər arasında yazıldığı ehtimal edilir. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır.

İyirmi min misraya yaxın olan “İsgəndərnamə” poeması iki hissədən ibarətdir: birinci hissə “Şərəfnamə”, ikinci hissə “İqbalnamə” adlanır. “Şərəfnamə” Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, “İqbalnamə” isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. “Şərəfnamə” Abdulla Şaiq, “İqbalnamə” isə Mikayıl Rzaquluzadə tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.

Nizami bu poemanı yazarkən qədim dünyanın ən böyük sərkərdələrindən Makedoniyalı İsgəndəri öz əsəri üçün qəhrəman seçmiş, onun haqqında müxtəlif mənbələrdən material toplamış, onları öz həyat idealına istək və arzularına uyğun şəkildə işləyib möhtəşəm bir sənət əsəri yaratmışdır. İsgəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir. Onun hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi bir toyla tamamlanır.

 İsgəndərnamə poeması Nizaminin həcmcə ən böyük və son əsəridir. 60 illik yaradıcılıq təcrübəsindən sonra yazılmış həmin poemanı şair heç kimdən sifariş almadan, öz arzusu ilə yazmışdır. Əsərin qəhrəmanını o, tarixi bir şəxsiyyət, müharibələr aparmış işğalçı fateh kimi deyil, bədii obraz kimi canlandırmışdır. İki hissədən ibarət olan poemada müəllif əvvəlki əsərlərdə təsvir etdiyi bir sıra fikir və düşüncələrini ümumiləşdirmişdir. Nizami mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söhbət açmışdır. Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yolla iki mədəniyyətin sintezləşməsidir. İsgəndər yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış “Avesta” mətnlərini Yunanıstana göndərərək tərcümə edilib öyrənilməsini tövsiyə edir. İsgəndər Nizaminin yazdığına görə öz vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərlə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin “başçısızlar” ölkəsinə gəlib çıxmasıdır. O, buradakı insanların həyatı, düşüncəsi, bərabərliyə əsaslanan ictimai idarə üsulunu gördükdə heyrət edir. Nəhayət İsgəndər şimal zülmətində dirilik suyunun olması xəbərini eşidir və oraya yol tapmaq istəyir. Əbədi həyat vasitələrinin axtarışı ən qədim mədəniyyətlərdə, həmçinin şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər və ya Urmiya gölündəki adaların birində axtarılır. Onun çarəsini bu adanın sakini Uminanitdin bilir. Zərdüştilik inancına görə isə ölümsüzlüyün dərmanı “Hoym” bitkisidir.

 İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir. Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən “İsgəndərnamə” Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png