Nadir Qüdrətoğlu-şeir: Ay ömrüm…

Ay ömrüm

Mən dünyaya sevgi üçün, məhəbbətçün gəlmişəm

Nəfəsimsən, ömrüm, günüm sənə qurban ay ömrüm

Xoşbəxtliyi, səadəti varlığında görmüşəm

Misralara həyat verən sənsən hər an ay ömrüm.

 

Tanrı Səni ömrümə nişanə tək göndərib

Taleyimiz bir yolda tən düşübdü ay ömrüm.

Səni yaradan mənə cənnət kimi bəxş edib

Bu sevgidə iki könül görüşübdü ay ömrüm.

 

Arzular çox, ümidlərsə günü gündən çoxalır

Bu həyatdan zövq alıram sən güləndə ay ömrüm

Artıq məndən qəm-qüssə, kədərdə uzaq qaçır

Dünyamda gözəlləşib Sən gələndən ay ömrüm

 

İndi xoşbəxtəm sənlə, mən dünyanın xoşbəxti

Nə xoşdu sənli ömür səadətsən ay ömrüm

Sən öyrətdin, Sən mənə sevmək adlı neməti

Nə möhtəşəm bir qüvvə, nə hikmətsən ay ömrüm?

 

Eşqlə dolu bu duyğular, bu məhəbbət, bu istək

Yalan deyil, yalan olmaz heç bir zaman ay ömrüm

Tükənməzdi sevgimizçün gözəl arzu, xoş dilək

Hər an səni düşünürəm mənə inan ay ömrüm

 

Sən sevdiyim tək qadın, düşüncəmə hakimsən

Bu dünyada yaradandan əmanətimsən ömrüm

Sən ömrümdə iz qoyan şah əsərimsən mənim

Məğrurluğum, qürurum, qətiyyətimsən ömrüm.

NADİR QÜDRƏTOĞLU