Nadir Qüdrətoğlu – Varlığın (ŞEİR)
VARLIĞIN
Yenə coşub çağlayır aman vermir duyğular
Hər an mənim gözümdə göz oxşayır varlığın
Yaşanacaq xoş günlər, yazılacaq şeir çox
Həm məndə həm şeirdə hey yaşayır varlığın.
Gözlərimi mən ala bilmirəm gözlərindən
Yuxumu gözlərimdən uzaq salıb varlığın
Amandı gözlərində nə yaş olsun nə nisgil
Məni məndən illərdir yaman alıb varlığın.
Bax gör necə gözəldi adlarımız yan-yana
Bu ülvi məhəbbətçün tək ünvandı varlığın
Sənli olan dünyamda gözəldi hər bir diyar
Başdan sona ümmandı, gülüstandı varlığın
Heç bir ləkə götürməz saf, təmizdi sevgimiz
Məni bihuş eyləyir, əsir edir varlığın.
Mənim fani həyatda heç bir şeydə gözüm yox
Tək bircə diləyim var, mənə yetir varlığın
Mən gizlətmirəm heç vaxt deyirəm aşkaryana
Məni şair eyləyən, sənin o tək varlığın.
Nadirin ilham yeri, ey sevdiyi tək qadın
Mənə hər an dayaqdı, mənə kömək varlığın.