Keçmə namərd KÖRPÜSÜNDƏN
Nadir QÜDRƏTOĞLU
BİR XATİRƏDİR
Bir xatirədir susan kamança,
Oynaq barmaqlarda qalan xatirə.
Bir qaval, bir sazdı, bir ay işığı,
Hər qəlbə xoş xəyal salan xatirə.
Bir xatirədir torpaqla barış,
Bəxtə yazılanlar unutdu yolu,
Nə qədər ömürdür, o qədər yarış.
Ötüb getdi qatar, bax itdi yolu.
Bir xatirədir yalan da, düz də,
Dünyanı içində gəzən adamlar,
Görünən üzlər, gizlənən sözlər,
Hamısı keçmişdə qaldı o anlar.
Bir xatirədir sonuncu nəfəs,
Gözlər bağlananda gördüyün itər.
Bir quş qanadında uçur hər həvəs,
Həqiqət susanda zaman da bitər.
Baxsan xatirədir, bu ömür, bu yol,
Hətta bir şeirdə yazılıb gedər.
Dünyadan nə qədər yazan olsa da,
Həyatı şairlər ən çox dərk edər.
SÖZÜM TALEYİMDƏN YAZILMIŞ KİTAB
Varım bir çıraqdır, şeirimsə alov,
Külün də içində doğular yenə.
Hər misram torpağın bağrında toxum,
Hər sözüm göylərə uçan bir dənə.
Varım qılıncdırsa, şeirim qalxan,
Misram mənə aid, özümə xasdır
Sözüm ocaqlarda yanan köz kimi,
Əcdad nəfəsindən gələn mirasdır.
Qəlbimdən süzülən damladır şeir,
Çay olub axaraq dənizə gedər.
Sözüm bir ağacdır, kökü min illik,
Budanıb böyüyər, boy verər, bitər.
Sözüm taleyimdən yazılmış kitab,
Hər misra içində bir sirr, bir cavab.
Könül bir karvan tək yol gedər durmaz,
Orda qonaqlayan ömür bir hesab.
Bir gün bu dünyadan köçsəm də, belə,
Sözlərim həmişə olacaq öndə.
Varım bir sözümdür, bir də şeirlər,
Onlarla ölümsüz qalaram mən də.
AY GƏNCLİYİM SALAMAT QAL, SALAMAT
Ömrün bahar çağı yaman xoş idin,
Ay gəncliyim, salamat qal, salamat.
Xəyalında min arzunu daşıdın,
Ay gəncliyim, salamat qal, salamat.
Qartal kimi göy üzündə uçardın,
Günəş kimi hər ürəyə saçardın.
Yel qanadlı arzularla qaçardın,
Ay gəncliyim, salamat qal, salamat.
O gəzdiyim dərələr var, düzlər var,
Görmək üçün doymadığın üzlər var,
Xatirə tək yaddaşımda izlər var,
Ay gəncliyim, salamat qal, salamat.
Bahar kimi könlümə gül-çiçəklə.
Dalğa kimi oynadın sən küləklə,
Yaman oldu zarafatın ürəklə,
Ay gəncliyim, salamat qal, salamat.
Ömür getdi qocalığı seçdin sən,
Köhnə yolu karvan kimi keçdin sən,
Zaman gəldi keçmişimə köçdün sən,
Ay gəncliyim, salamat qal, salamat.
DÜŞÜNCƏ QATARI
Rəngli işıqlardan bir qatar keçir,
Bilinməz məchula aparır məni.
Dəmir yollarında düşüncəm axır,
Tənhalıq dünyadan qoparır məni.
Bir vaqon içində arzular yatır,
Tək bir bilet alıb o gələcəyə.
Sözlərim buxara dönür, dağılır,
Yollarım uzanır zülmət gecəyə.
Baxışım yolları sayır birbəbir,
Bulud göz yaşın tökür içimdə.
Bu qatar mənimdi yönünü bilmir,
Ürəyim xəttləri çəkir içimdə.
Bu qatar hey gedir dərinliklərə,
Varlıqla yoxluğun boş kölgəsində.
Təkərin bu səsi düşüncəm kimi,
Dolanır beynimin dar döngəsində.
Relslər qarışıqdı, yol əyri, dərin,
Bir xəttdə ağlıma ayrılıq gəlir.
Hər təkər altında bir arzu qalır,
Bir fikir doğulur, bir fikir ölür.
GƏRƏK YOL SEÇƏSƏN BU DÜNYADA
Gör nə çox ikili yollar var indi,
Düzü danışanın yoxdu hörməti.
Ya çıx qarşımda, dur kişi kimi,
Ya da birdəfəlik qaç gizlən qəti.
Əqidə dəyişən dost istəmirəm,
Külək hardan əssə, orda bitmirəm.
Bir yol seç, get onla sonuna qədər,
Qorxaqla heç zaman mən yol getmirəm!
Bayrağı tutmusan, əyilmə, daşı,
Onun kölgəsində gizlənmə, qaçma.
Ya ol birdəfəlik bu xalqın özü,
Yada ki, satılma, yada əl açma!
Şairlik libasın geymə boşuna,
Əgər bilmirsənsə sən sözü üstün.
Düşüncə bir yükdür, daşımaq çətin,
O yolda ləngiyən, batır, büsbütün!
Yarım söz, yarım yol, yarım ürəklə,
Ya ol birdəfəlik, atıl hər oda.
Olmur bu dünyada iz qoymaq belə,
Gərək yol seçəsən bu dünyada da!
KEÇMƏ NAMƏRD KÖRPÜSÜNDƏN
Keçmə dostum o körpü bir tələdir,
O, sənə heç zaman xeyir gətirməz
Bu körpü üstündən keçən uduzar,
Sonunda heç kimi dada yetirməz.
Namərdlər əl açar, gülər üzünə,
Bir ovuc var üçün satar sözünü.
Bir gün haqq göstərər yolun düzünü
Tanımaz kölgən də sənin özünü.
Keçmə o körpüdən, çökər altından,
O yalan zəfərin ömrü az olar.
Haqqın kölgəsində sən məğrur dayan,
Yoxsa sabahın da qara yaz olar.
Qan qoxuyur o körpünün daşları,
Haqq susanda nahaq haqqını danmış.
O yol ilə gedən alçaq zatların,
Varlığı da, kölgəsi də yalanmış.
Keçmə namərd körpüsündən,
Qoy aparsın çılğın axan sel səni.
Tuzaq qurub gözləyən var əzəldən,
Kim bilməsə yaxşı bilir el səni.
SEVMƏYİN ÖZÜ DƏ SƏNƏTDİR VALLAH
Sevməyin özü də sənətdir vallah,
Gah xoşbəxt olarsan, gah çəkərsən ah.
Bir sözlə gül açar, qönçə yaşarar.
Bir baxış içində qırılar sabah.
Sevməyin özü də sənətdi vallah,
Ustad ürəklərdə doğular bu hal.
O sənət bir ömür boyu olar şah,
Könüllər içində çəkilər misal.
Sevməyin özü də sənətdi vallah,
Hər könül qavraya bilməz bu sirri.
O sənət duyğudur, o sənət Allah,
Verdiyi ən böyük hikmətdi biri.
Sevməyin özü də sənətdi vallah,
Rəssamtək çəkərsən fırçanı hər an.
Bir könül sevdimi, qırmaz heç asan,
Həqiqi sevəni dəyişməz yalan.
Sevməyin özü də sənətdi vallah,
Ustası az olur bu qədim işin.
Könül qırmamaq da bir növ ibadət,
Bir də qorumaqdır sevgini düşün.
SAXLA ÖZ DÜNYANIN İÇİNDƏ MƏNİ
Saxla öz dünyanın, içində məni,
Saxla itirməyim heç vaxt izimi.
Ürəyin bir sirrdi, gizli bir qapı,
Mən onun içində tapdım özümü.
Unutma, bu dünya dar olsa belə
Saxla öz içində, kənara qoyma.
Mənə yer ver orda, biraz olsa da,
Heç vaxt bu ürəyə, bu cana qıyma.
Saxla, bir quş kimi yorğun qanadla,
Sən ol son limanım, ən son durağım
Dənizlər dönsə də, tufan içində,
Solmaz ürəyimdə məhəbbət bağım.
Mən sənin içində yuxu kimiyəm,
Gəl tut əllərimdən qəlbinə apar.
Başqa nə istəyim, nə dərdim var ki
Saxla öz içində, orda bahar var.
Sənsiz bu şəhərdə hər şey yarımdı,
Sənin varlığınla Nadir tamamdı.
İtmişəm, tap məni sənin izində,
Saxla öz içində, daha zamandı.
