ONN İnformasiya Agentliyi

Son tüfəng – (3 cü son hissə)

Son tüfəng – (3 cü son hissə)
25 Noyabr 2017 - 19:39

Atasının boynunda kənddə dolanarkən məmə yeyəndən pəpə yeyənə hamı atasını salamlayıb balacanı qucaqlayıb öpərdilər. Evlərində hər gün qonaq olardı. Bir gün çayın o tayından qohumları gəlmişdi. Qonaqlardan bir gənc oğlan eyvandakı tüfəngi götürüb baxçadan qaçmaqda olan bir dovşanı vurmaq istərkən də balacanın qulaqları elə belə tutulub kuşuldamışdı. Elə onda da bu qoxu gəlib oturmuşdu burnunun içində. Gənc qonaq bir az sonra ağlayan balacanı ovutmaq üçün vurduğu dovşanı ona göstərirdi. Hər gün o baxçada gizlicə dolanan, balacanın gizli yoldaşı, dovşan daha tərpənmirdi. Böyründən də qanı süzürdü. Balacanın üzündəki iti baxışdan o gənc oğlanın az qala ödü partlayacaqdı.

“Bu gurultu ilə bu pis qoxu bir yerdə gələndə adam nələr itirmir?!” deyib düşünmüşdü balaca.

Elə o an anasının böyrü yadına düşdü. Balaca bir iş görməli idi. Başladı qışqırıqla ağlamağa. Ana özünə gəlib nənəni olduğu yerdə qoyub yollanmışdı. Yolçu yolunda gərək. Eyni halda həm öndə həm arxada nələr isə axtarırdı ananın gözü. Arxaya boylanıb öncə bir daha nənəni yoxlamaq istədi, amma bir az daha çox geriyə daldı. Əri evdən çıxarkən ona bir məktub verib demişdi: “Bunu nə olur olsun anam və oğlumuz ilə birgə o tayada qardaşlarıma çatdırmalısan. Mən sizi bir az qoruyacağam. Siz özünüzü çay qırağındakı qayığa çatdırıb oralarda gizlənin. Səs-küy yatdıqdan sonra mən özümü ora çatdırdım birlikdə o taya keçərik, yoxsa məni heç gözləmiyəcəksiz.”

Qadın bir sözlər demək istədi, ancaq o heç vaxt ər sözünü iki etməzdi, indi də etmədi. Yalnız uzun-uzadı bir-birlərinə bir daha heç görüşməyəcək kimi baxdılar. İkisinin də gözləri yaşarmışdı. Əri quş tüfəngini götürüb fişəng qatarını çiynindən asdı. O çox kəskin nişançı idi. İstədiyi quşu seçib göydə uçaraq vurardı, amma hər halda əlindəki quş tüfəngi idi! O gözlərinin yaşını gizlədərək anası ilə yoldaşından ayrılıb kəndin yuxarı başında evlərini qorumağa çalışan igidlərə doğru yollandı. Arxadan anası ilə yoldaşının hönkürtü ilə ağlaşması onu bir az daha kəskinləşdirdi: “Hamı necə, biri də biz. Özünü kişi bilən özü də evini qorumalıdır, nəyin bahasına olur olsun,” deyib qartal kimi cumdu təpənin üstündə yerləşən qayalardan birinin arxasına.

O vaxtdakı dövlət “milli təhlükəsizliyi” qorumaq bahanası ilə kəndlərdə hər nə tüfəng sursat vardı yığışdırmışdı. Milli təklükəsizliyin nə olduğunu yerli dinc kəndli hardan bilsin axı? Neçə gün ondan sonra biri birindən acı xəbərlər deyəsən bu sadə xalqı başa sala bilmişdi. O biri kəndlərin necə talan edilib yerli adamını qırmaq xəbərləri yaxındakı kəndlərdən qohumlara gəlib çatırdı, amma o gün təpənin quzeyindəki böyük kəndi top-tank güllələri yerlə bir edəndən sonra bu kəndin xalqının başı artıq qəbir daşına dəymişdi. Hər top gülləsi açıldıqda bu kəndin evləri göyə atılıb düşürdü. Tavandakı ağacların pərdilərin arasından sovrulan dındırqa qırıqları ilə toz-torpaq yalnız gözlərini yox, boğazlarını qovuşdururdu.

Samanlığa tülkü girmişdi sanki. Qışqırıqlar göyə qalxırdı evlərdən. Hamı dəymişdi bir-birinə. Heç kim bilmirdi neyləsin. Hərə öz evində o-yan-bu-yana qaçırdı. Bu havada heç kim çölə çıxa bilməzdi. Çünki külək qapıların qabağını elə qalamışdı ki o qarı kürümək özü uzun bir iş idi. Qar elə yağırdı sankı son dəfəsidir, bir daha yağmayacaq. O üzdən lab ürəyini boşaldırdı. Bir anda kəndin ağsaqqalları aşıqgilin qapısın çalıb onu çölə çağırdılar.

“Neyləməliyik oğul? Sən bizdən çox gəzibsən, bizdən də çox yaxşı bilərsən. Bir məsləhət ver,” dedilər aşığa. Pəncərə arxasından buğlanan camı tez-tez silərək nigaran gözlərlə qadınlar onlara baxırdılar.

“Biz kəndi qoruyaq, qadınlarla uşaqlar da böyük çaya doğru qaçsınlar,” demişdi kəndin düz ortasındakı evlərdən biri bir top gülləsi ilə göyə sovruldu. Demək qaçmağa da heç fürsət qalmamışdı.

O kənddə yalnız üç adamda tüfəng vardı. O da atıcılıq dəlisi olduqlarından olmuşdu. Təpə üstündəki qayaların arxasında üç nişançı yaman vuruşurdu. Atdıqları heç boşa getmirdi. “Oğul bilirsənmi hər güllə mənə nəçəyə baxıb? Gülləyə verdiyim pulun bir qəpiyində belə qarışıq yoxdur. Alın təri tökmüşəm hər qəpiyinə. Qoymaram biri də boşa gedə,” yoldaşlarına deyirdi aşıq.         Qalan kəndlilər isə əllərindəki bel, balta, nacaq, oraxça, və şənə ilə top-tank ordusunun qarşısında əl-yaxaya döyüşünü gözləyirdilər. Kəndlidə bunlardan başqa nə ola bilərdi ki? O yaratmağa çalışır yıxmağa yox. Əllərindəkilər də yaratmaq üçündür, yıxmaq üçün yox. Demə burda nəyi yaradırdılar, əlbəttə ki öz tarixlərinin ən şərəfli varağını.

Döyüşçülərin boşa getməyən güllələrinə cavab olaraq qayaların birinin arxasına bir qumpara gülləsi düşdü. Nə yazıq ki ardıca iki yoldaşı da beləliklə susdu. Güllələr də sona çatırdı. Düşmən get-gedə yaxınlaşırdı. Beləliklə də sıra bel-balta savaşına çatırdı. Amma sonuncu tüfəngi susdurmaq gərəkirdi. Ağır bir top gülləsi sankı təpəni qaldırıb kəndlilərin başına çırpdı. Bu anda son tüfəng susmuşdu, amma o an maviyə çalar yaşıl bir işıq təpənin o əl bu əlini bürüyüb düz göyün üzünə qalxdı. Hər iki tərəfdə vuruşanlar indiyədək görüb eşitmədikləri bir işığa mat qalmışdılar. Sonra heç kəsin duymadığı maraqlı bir ətir qoxusu dünyanı bürüdü. Qışın o qudurqan çağında bütün dünyanın gülü-çiçəyi, və meyvəsinin ətri vardı orda. Bu mat edici qoxu ilə o maviyə çalar yaşıl işıq hamını çaşdırmışdı. Bu arada düşmən tərəfdən neçə əsgər silahları atıb qaçarkən general özü onlardan bir neçəsini güllələdi arxadan. Qalanları isə qəbirdən çıxmış ölülər kimi döndülər, amma bir-birləri ilə pıçıldaşırdılar.

Kəndin aşağı tərəfindəki meşədə nənə, gəlin və balaca gizlənmişdilər. İgidləri gəlməyincə hara gedə bilərdilər. Amma gizləndikləri yerdən o işığı görüb o tayı heç görünməmiş ətri duydular. Ancaq bunlar görəni kimsə görə bilməmişdi. “Ana, gedin amandır, durmayın,” o işığın içindən bunlara yalvarırcasına mehriban gülüşü üzündə demişdi igidləri. Düşmən artıq kəndə dolmuşdu. Orda qalanlar yalnız qadınlar ilə uşaqlar idi. Güllə səsi ilə qışıqırıq, çığır-bağır, mal-heyvan, toyuq-cücə səsi, yanğı, tüstü kəndi bürümüşdü. Gözləri ilə gördüklərinə inana bilmirdilər kəndlilər. Heç bilmirdilər bu savaş nə üçündür, axı kimsənin suyunu kəsib toyuğuna daş atmamışdılar. Bir yandan da savaşan əsgərlərin neçəsi bir zaman bu kəndlilərin qonşusu olub onların duz-çörəyini yemişdi. Nənə özü uzaqdan general ilə bir neçəsini seçə bilmişdi kəndin alovları işığında.

“Vay sənin gözün çıxsın … yaş itin balası … nankor. Anasının əmcəyini kəsən mındar köpəyoğlu … Kaş səni öz əlimlə qapımıza ac-lüt sığındığın gün boğardım. Mən külbaş nə bilərdim qoynumda ilan bəsləyirəm? Vay səni atası-anası bəlli olmayan mındar köpəyoğlu … qapımızdakı nökər elə general olsa bundan artıq ola  bilməz … vay səni itdən süd əmən …”

“Dur bala, dur yazıqsan, dur qaçaq buralardan,” deyərək döndü gəlinə. Gözlərinin yaşını gizlicə silərək sevimli sevimli gəlinin əlindən tutub arxasıca çayın qırağı ilə çəkməyə başladı.

“Burdan bir toyuq da canlı çıxmamalı. Axtarın hər dəlik-deşiyi. Qızlardan ən gözəllərini seçin, qalanlarını kefinizi sürdükdən sonra yandırın,” buyurdu genaral adamqıranlarına. Onlar tapşırığı yaxşıca yerinə yetirdilər. O arada əsgərlərdən biri o iki qadını uzaqdan seçib generala doğru yürüdü. General barmağı ilə meşəni göstərdi. Bu anda ondan “Atəş” buyuruğu partladı, ardıca da top gülləsi.

Səngərdən göyə bir an qalxıb sönən o işıq ilə sönmüşdü o qadının ümid çırağı, amma nəyin bahasına olursa olsun yerinə yetirməli idi ərinin əmanətini. Meşənin ortasından kənd görünməsə də o təpə görünürdü. Son kez olaraq təpənin başına doğru baxdı “Bir az dayan, glirəm əzizim,” deyib çaya doğru yollandı. Daha gücü qalmamışdı. Qanı donmuşdu. Qönçə dodaqları solmuşdu. Nəfəsində istilik yox idi. Ulduzlaracan boylanan qələmələr gahdan ayağı altda qalırdı. Gahdan gözəlliklər gölündən ölüm buğu qalxırdı tərk edilmiş qəbristanlıqlar kimi. Qucağındakı balasını daha duya bilmirdi. Bəlkə də bütün canını solqun gözlərinə toplamışdı. Gözü qarşıda yalnız bir qayıq axtarırdı. “Məgər bu ağır qardan sonra da qayıq tapmaq olar? Di gəl samanlıqda iynə axtar! Harda qalıb bu yiyəsiz?”

Bir az qabaqda bir cüt göz ona doğru parıldayırdı. İstər-istəməz o parıltıya doğru getdi. Yol azca yoquşlaşmış idi. Sürüşüb qaldı. Üzü quylu düşərkən balacanın qışqırığı onun üzünə şimşək kimi çaxdı. Bir az özünə gəldi. Sürünə-sürünə yoquşu dırmaşdı. O yandan aşağıya yuvarlanarq balasını heç əlindən salmadı. Başı bərk bir zada dəydi. Ömründə heç vaxt bu yaxınlıqdan bir belə ulduz görməmişdi. Ulduzlardan ən ulusu yaşıl işıqlı quyruğu ilə axdı. “Döz. Gəlirəm. Yalnız bir işim qalıb …” dedi, amma heç nəyi anımsaya bilmədi bir an. Birdən üzündə istilik duydu. Bu onu bir az canlandırdı. Gözləri ancaq balacanı seçə bildi. Bir az daha canlandı. Az öncə başını çırpdığı yerə doğru baxdı. “Özüdür.” Qayığı tapmışdı. Üstündəki qarı qayığın örtüyünü çəkərək silib, balacanı içinə qoydu. Orda daha başqa örtük vardı. Balacanı doğru-düzgün basdırıb qarlara doğru döndü. Qayığı bağlayan kəndiri tapıb açdı. Arxadan çaya doğru itələməyə başladı. Qayıq qarda quylanmışdı. Ön tərəfdən qarı əlləri ilə kürüyüb bir az yol açdı. Eniş olduğuna görə qayıq azca yerindən tərpəndi, amma çaya gedib çatmadı. Ana qayığın arxasına süründü. Çiyni ilə ağırlığını saldı salalı qayığın üstünə, amma bu son düşməsi oldu. Elə düşdüyü yerdə donub qaldı. Canı sankı qulaqlarına yığışmışdı. Ərinin son olaraq saz çalıb oxuduğu mahnı kuşultu kimi bu qulağından o birinə fırlanırdı:

“Bəlkə bu yerlərə oyyyyyy bir də gəlməəəəəəədiiiim, duman salaaamat qaaaaaal dağ salamaaat qal, a dinim imanım, gəl qadan aaaalım, yeri yeri tərlaaaaanım …” [1]  [1]

Qurdlar qayığın başına fırlanırdılar. Bəlkə də qayığı itələməyin yolunu bilmirdilər. İstər yay olsun istər qış, gecələri ayın mənzərəsi bu çayın üzərində başqa bir mənzərə olur, yalnız görənlər bilər. Amma bu gecə buranın görüntüsü inanılmaz bir zad olmuşdu. Quru qəmişlərdən azca o əldə çayın qıyısında çox böyük bir qaya vardı. Qurdlardan biri o qayanın üzərində durub ciyəri çıxanadək çayın o tayına doğru ulayırdı, uladıqca da o biri qurdlar ulaşırdılar.

Çayın o tayındakı kəndlilər deyir: “Heç vaxt belə qurd ulaşması qulağımıza dəyməmişdi.” Sabahacan heç biri gözlərini belə yuma bilməmişdi. Sabah tezdən kəndlilər böyük çayın qırağına gəlib nə görsələr yaxşıdır?! Bir qayıq suyun düz ortasında olduğu yerdə dayanıb içindən heç görüb eşitmədikləri maviyə çalan yaşıl bir işıq qayığın içindən göyə fışqırırdı, və ordan dünyanın bütün gül-çiçək ilə meyvəsinin iyi hamını mat qoymuşdu.

 

 

     Bütün dünyanı özlərinin oyuncağı bilən acgözlü siyasətçilərin yanlışlarının günahsız qurbanı   olan azad insanların ruhuna təqdim edirəm.                                                             

                                                                                                                                                 Abbasəli Əhmədoğlu

 

 

Xoy, Aprel.4.2011

          Saat: 02:00 a.m. – 10:00 a.m.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png