ONN İnformasiya Agentliyi

SON TÜFƏNG (2 ci hissə)

SON TÜFƏNG   (2 ci hissə)
21 Noyabr 2017 - 16:10

2-ci hissə

Bu arada o böyründəki əlini unudmuşdu. İsti qan daha bətər axmaqda idi. Balaca qanın istiliyini sol ayağında duymağa başladı. Artıq qoxusunu da almışdı. Bu qoxu ona tanış gəldi. Evləri gözü qarşısında canlandı bu anda. Kəndin aşağı başında kəndin ortasından axan qara su arxının düz yanında yerləşən dibi-bucağı bilinməyən yam-yaşıl ağaclı bir baxçanın ortalarında idi evləri. Bu ağacların çoxunu atası öz əli ilə əkmişdi. Əli yaşıl bir adam idi atası. Yerdən çöpü götürüb əksin, iki ildən sonra gəl onun meyvəsinə bax. Demək olar tanıdığı meyvə ağacların hamısından orda əkmişdi. Kənddə hamı onun yaşıl əlinə inanmışdı və o üzdən hamıya yardım edərdi, onun əlinin bərəkəti burdakı bağ-baxçaların hamısında iz salmışdı. Hər barmağından yeddi sənət yağır deyərdilər, amma uşaqlar kimi safürəkli və alçaqgöyül bir adam idi. Özü də böyük çayın o tayından gəlmişdi. Hələ bu taya köçməmişdən öncə onun ad-sanı dillərdə gəzirdi. Soyu kökü çayın bu tayından olan anasını da evləndikdən sonra evinə gətirib birlikdə qalırdılar. İki bacısını da bu taydan olan dayısı oğlanları almışdı. O tayda beş qardaş bir bacı olduğuna baxmayaraq anası bu tayı daha çox sevirdi. Axı onun ata-baba yurdu da təpənin quzeyində yerləşən böyük kənddə idi və o öz doğma-dolama qohumlarına arxayınlıqla tez-tez  gəl-ged edə bildiyi üçün burda yaşadığından daha çox razı qalırdı.

Evləri yerdən bir metr ucada çaylaq daşlarından tikilmiş bir səkinin üzərində idi. Böyük bir eyvana düz ortadan enli bir pilləkandan çıxılırdı. Hər beş pillənin o baş bu başında bir güldan qoyulmuşdu. Pilləkandan çıxmadan öncə uzun bir mev qəyəməsinin altından keçməli idi evə gələnlər. Hər fəsilə görə boyasını dəyişən bu dalanın tərkini girdə çanqıl daşlar döşəmişdi, bu üzdən orda addımlamağın da özünə məxsus ritmi və musiqisi vardı. Yayda burdan zümrüd kimi parlayan üzümlər sallanırdı. Başqa fəsillərdə isə ağızları dadlandıran yarpaq dolmaları dillərdə dastan olmuşdu. Eyvanın ağacdan yonulmuş yarım metr boyda nərdələrini dörd ağac dirək ayırırdı və nərdələrin başındakı güldanlar evin önündə çox kalssik bir gözəllik yaratmışdı. Bu saxsı güldanlar dirəklərdən asılanlardan daha iri idilər, amma onlar ağ çinidən idilər. Bu gözəllik hələ başlanqıc idi. Eyvan özü çox sərin və kölgə olurdu. Nənəsinin toxuduğu min-bir boyalı, min-bir naxışlı gilim ilə döşənmişdi eyvanları. Bir yanda günəş kimi parlayan kömür simavar, üstündə güllü çini çayniyi, düz qarşısında da bir qalın yun döşəkçə ilə iki qalın yastıq vardı üzərlərindəki maraqlı  əl işləri ilə. Bu əl işləri ilə bəzənmiş  yastıqlar və balışlar anasının gətirdiyi cehizlərdən idi. Nənəsi burda oturub balacanı heç vaxt parlayan günəşə yaxın qoymazdı. Eyvan evin güneyində idi və ordan böyük çayın o tayında başı qarlı dumanlı bir dağ görünürdü. Nənə ərə getdikdən sonra o dağın ətəyində yerləşən çox abad bir kənddə yaşamışdı bir daha bu taya köçmədən öncə. O üzdən nənənin gözü aşağıdakı min-bir yaşıllıqda olan meşənin mənzərəsindən süzülüb o tayda mib-bir mavi ilə çəhrayi qarışığında olan dağlara dikilərdi çox vaxt.

Bir yanda da daha bir-iki döşəkçə, neçə balış, və bir iri yastıq vardı onların yanında. Balacanın atası ilə anası da orda oturardılar, və o da atasının dirsəkləndiyi yastığın üzərindən bala pişik kimi dırmaşıb oynaşardı. Onların arxasındakı pəncərənin sağ əl divarından bir saz sol əlindən isə bir quş tüfəngi asılı olurdu. Günlərin bir günü çox uzaqlardan aşığı soruşa soruşa ağsaqqal bir kişi onlara qonaq  gəlmişdi. Gözlərindən mehribanlıq üzündən nur yağırdı. Bu aşığın xələt almamasını bilirdi, amma üzü kəsər kəsməz çox  dəyərli xələtləri bir bağlamanın içində aşığın qabağına qoyub demişdi:

“Oğul, mənim bir son-beşiyim var. Bu günlərdə ona toy tutacayıq. Qoy sənin xeyir duan onu xoşbəxt etsin, nə deyirsən? Deyirlər bu yaxınlarda bir kənd qalmayıb bu sazın üərkləri oxşayan səsi ilə sehirlənməsin. Hansı toy bu saz ilə yola salınıb o evdə heç vaxt dedi-qodu halla-mərəkə olmayıb. Sevgi çiləyir ürəklərə bu saz, sənin sözlərin … . Qoy bizim də kənidimizdən bu meh yeli əsibən ürəklərimizə nur çiləsin. Nə deyirsən oğul?”

Aşıq xələtlərə bir göz altı baxmışdı, amma o qocanın ürəyini sındırmaq əlindən heç gələ bilməzdi, təri alnından süzə-süzə qızarıb bozarıb ancaq belə demişdi: “Əmi bu uzaqlıqda yolu sən necə özünə zəhmət verib gəlibsən, mən də başım üstdə gələrəm, nə demək? Bu mənim borcumdur.”

Bir gün balacanın anası eyvanın qabağını sulayıb süpürürdü. Ora çox gözəl görünürdü süpürüldükdən sonra, döşəmə girdə daşlar hərəsi bir boyada parıldayırdı. Amma biri parıldamırdı düz divarın dibində eyvanın altında. Balaca maraqlanıb daşa doğru sallanarkən təpəsi üstdə daşa çarpmışdı. Balaca öncə bir şey bilməmişdi, sonra anası ilə nənəsinin hay-küyündən özünə gələrkən alnından isti, qırmızı, və özəl qoxulu bir zadın axmasını duymuşdu. Anası əlini balacanın alnına basdıqda acışmasını da duymuşdu. Amma anasının “Ey vay! Balamı qan götürdü!” deyib ağlaşmasınacan ağlamamışdı.

Eyvandan bir az qabaqlıq həyətdən bir arx keçirdi. Arxın o biri əlində sıraya düzülən gilənar ağacları budaqlarını göz yaşı kimi dum-duru suya sallamışdı.  Yaqut kimi parıldayan gilənarlar suyun axışı ilə sərinləyib oynaşardılar. Ağaclar  içindən isə bülbüllər səs-səsə verib necə gözl melodilər yaradardılar. Balaca da eyvanda nənəsinin isti qucağında pişiklənərək şirin laylaları ilə mürgüləyərdi.

Artıq bir müddət idi balacanı eyvana qoymurdular. O bir gün pəncərədən boylanıb həyətə baxmaq istərkən topul əlləri cama yapışıb qalmışdı. Beləliklə də o niyə eyvana çıxa bilmədiyini anlaya bilmişdi sankı. O yam-yaşıl baxçadan, bülbüllərdən, həyətdəki toyuq-cücədən heç xəbər yox idi artıq. “onlar da evlərindən çölə çıxa bilmir,” deyib düşünürdü balaca. Bir də camdan həyətə baxarkən gözləri qamaşırdı, hər yer ağ-ap-ağ parıldayırdı. “Qar” sözünü bir neçə dəfə bu günlər eşitmişdi evdəkilərin ağzından, amma nə olduğunu daha doğrusu düzgün başa düşə bilmirdi.

Neçə gün öncə həyətdə səs-küy olmuşdu. O camdan boylanıb ağ örtüyün üzərində qıp-qırmızı qanın sel kimi axmasını görmüşdü. Yekəpər qarnı taya kimi şişmiş qalın bığlı bir kişini görmüşdü əlindəki qanlı bıçağı ilə qan seli içində titrəyən davarın başı üstündə. Bu onun birinci ad günü qurbanı idi. Davarın kəlləsi qanın o yanından gözlərini yalvarırcasına balacaya dikmişdi, sankı ona bu qan seli üzərindən keçməməsini diləyirdi. Balaca qışqırıb ağlarkən anası qırqı kimi tənəbiyə girib onu isti qucağına basaraq nə gözəl mahnılar oxumuşdu o yanıqlı səsi ilə onu ovundurmaq üçün.

Balaca anasının qanının axmasını duyar duymaz bir qışqırıq saldı evlərdən iraq. Ananın üzündən bir sillə kimi gəldi onun qışqırığı. Uşağa baxarkən qanın axmasını gördü. Hələ təzə bu an idi ardıca qoyan qırmızı izi gördü.

“Ey vaaay! Yandıq! Bunu görən olsa nə olur olsun izimizi sürüb bizi tapar. Bir an da belə dözmək olmaz, yallah!” deyib qalxdı. Nəisə bir daha kəndə doğru baxdı. Bir də gözəlliklər gölünə baxdı. Heç kim və heç nə görmədikdən gölə bir az çox daldı.

“O söyüdün altında oturub saz çalırdı. Heç üzü də bilmiridi ömrümün ən unudulmaz havasını çalır. İlk dəfə göz-gözə gəldik orda ona vurulduğum an. O gölün qırqğında sözləşib sevişmişdik. O göldə çimib sulaşıb balıq tutardıq.”

Amma indi isə o göl buğlana buğlana kənddən gölə doğru axan qara su ilə qarışıb aşağıya doğru buğlana buğlana axmaqda idi, döyüşdən dönmüş yorğun bir əjdaha kimi. Çayın izi ilə kəndə doğru boylandı.

“Bəlkə gəlir, bəlkə mənə yetişə bildi, qoy bir az da dözüm,” deyib durduğu yerdə kəndə doğru sonalar kimi boyun uzatdı. Bir iki addım geriyə qayıtdı. İkircikli idi:

“Qayıdımmı, qayıdmayım? Axı neyləyim mən yazıq? Neyləmək olar?”

Nənənin son sözünü anımsadı:

“Balam, gülüm, gözəl gəlinim, anam-bacım! Çıx get, Tanrıdan ötrü, çıx get, yubanma. Çatdır balamızı o taya. Çatdır onu qohumlarımızın əlinə. Mən bir addım daha ata bilmərəm. Mənimki buracanıydı  balam. Qaç qurtar canını bu kafırların əlindən, amandır! Qoyma oğlumun namusu ləkələnsin, get, durma …”

“Axı, ana …”

“Bala səsimi çıxartma, qurbanın olum! Məni it eləmə bu son nəfəslərimdə. Görmədinmi həm xalqın namusunu ləkələdilər, həm də cəllad kimi şaqqaladılar o gözəlləri? Get başına dolanım, get …qurbanın … olum, get a…man…”

Nənənin daha səsi çıxmamışdı orda. Nənə də o ağ örtüyün üstündəki qurbanlıq kimi titrəyib can verməkdə idi. Qarnı açılmışdı, ağzından qan axırdı köpüklənərək. Köksü xırıldayırdı son sözlərini deyərkən, və bir daha gəlinin əlini sıxa bilməmişdi əlində.

Az öncə onların düz dabanları dibinə düşən top gülləsindən kimsə qurtula bilməz idi. Bu ana-balanın qurtuluşunda başqa bir iş var imiş demək. O partlayışdan kim nə bilir neçə dəqiqə ya saat sonra özlərinə gələn bu üç qurbanlıq düşmənin son hədəfi imiş demək, çünki bu top gülləsinin açılan yerinə baxan general artıq vodka şişəsini qaldırmışdı havaya alayındakı başqa adamqıranlar ilə birlikdə. Çavuşlardan birinin əlində bir adam kəlləsi, neçəsinin də əlində neçə qadın alt paltarı gözə çarpırdı başdan başa yanmaqda olan kəndin göylərə qalxan alovlarında. Qalan əsgərlər isə sıraya düzülüb havaya doğru elə belə boluna-soluna atəş açmaqda idilər. Uzaqdan görən bilərdi “fişəng dövlətdəndir, balam! Vur getsin,” deyirdilər hamısı.

O partlayışdan çox sonralaracan ana-bala heç nəyi eşidə bilməmişdilər. Qulaqlarında çox cansıxıcı bir kuşultu qalmışdı. Amma o halda balacanın burnundan çox tanış olan bir qoxu heç çəkilmirdi. Bu qoxu onu çox uzaq keçmişlərə aparmışdı. Həm də çox çox uzaqlara.

 

                                                                                                                                Abbasəli Əhmədoğlu –  Xoy

ONNmedia – ARDI VAR izləyin

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png