ONN İnformasiya Agentliyi

“Sözlərim yol çəkir…” – Şeirlər. Əkbər QOŞALI

“Sözlərim yol çəkir…” – Şeirlər. Əkbər QOŞALI
17 May 2022 - 15:49

***

  • Bəlkə də bir gələn var,
  • Gözlərim yol çəkir, yol;
  • Ölü dillər kimiyəm,
  • Sözlərim yol çəkir, yol…
  • Göy ulu, yer yağızdı,
  • Hər dua bir ağızdı;
  • Bu – qələm, bu – kağızdı,
  • Özləri qol çəkir, qol…
  • Uzaq yolum təngiyir,
  • Uzun qolum ləngiyir;
  • Sağ gözümdü səyriyir,
  • Ürəyim sol çəkir, sol…

***

  • Sevinə bilirəm, Tanrım,
  • Kədərlənə bilirəm;
  • Sevə bilirəm, ya Tanrı;
  • Sevilirəm bəlkə də…
  • Utana bilirəm hələ,
  • Hələ bağışlayıram.
  • Ən adi yaxşılıqları
  • Ömrə naxışlayıram.
  • Xatirəm var – oyanır,
  • Sabahlar var – gözlərik;
  • Gözdü – görür, aldanır,
  • Dözmək də var, neyləyək…
  • Küsdüyüm var, çox şükür,
  • Umanım vardı, Tanrı.
  • Mənə olan umudu
  • İtirmə, amandı, Tanrım…

***

  • Sarayım Firata baxıb, baxmayıb?.. –
  • Xatırlaya bilmirəm,
  • Gilqamışın gil tarixi sirr vermir…
  • “Bu vücudun iki payı Tanrıdır,
  • bircə pay İnsandı” –
  • deməliyəm,
  • demirəm;
  • “Tanrı mənə şah damardan yaxındır” –
  • bu olsun ən doğrusu…
  • Ah, nə bilim, bəlkə də
  • Ötükəndə əriməmiş dəmirəm –
  • Dinmirəm döyüldükcə…
  • Dəvəyə ərəbəm, atlara türkəm,
  • Ərəb xurmasının
  • türk tutunun
  • dadını bilirəm, dadını;
  • Bu sözləri yazanın
  • türk ruhunu bilirəm
  • və də, ərəb adını…
  • Bir də,
  • soyuq Sibirdəki ağ qadını bilirəm –
  • Atın qara ciyərini çiy-çiy yeyən,
  • amma hər bir kəlməsini
  • bişirib bişirib deyən,
  • dəvəyunu paltar geyən,
  • daşıdığı türk ruhunu,
  • alışdığı rus adını
  • bilən istiqanlını…
  • Qızmar yaylar uzunu
  • qaynar çay içən
  • bu mən,
  • gah anlamaz, gah anlaram
  • qış ortası dondurmadan ləzzət alan,
  • o gözəlim Sibirin
  • o uzunsaç qızını…
  • O gözəl
  • Yeniseyə
  • boylanan saraydan ola, olmaya..?
  • Deyirəm, nə yaxşı ki,
  • Yeniseylə Firatın
  • arasında Xəzər var,
  • Xəzər qıyısındakı
  • bir koma yetər mənə –
  • ha qış olsun, ha yaylar…
  • ya dünən ya sabahlar…
  • Necə olsa,
  • Firatdan Yeniseyə,
  • Yeniseydən Fırata
  • gedənlər
  • burdan keçər…
  • Yoxsa,
  • gözüm bu tarixdən su içməz…

***

  • Əlini ver əlimə,
  • Əlim quru yerdədi.
  • Gözümə bax, gözümə,
  • Daşıb, suyu yerdədi.
  • Bu – əl, bu – göz, daha nə?
  • Qalan hər şey bəhanə…
  • Günəş özü göylərdə,
  • Nuru, nuru yerdədi.
  • Eşqdi – göyə qaldırır,
  • Qanada inandırır…
  • Sevgisizlər inanmır, –
  • Odu, budu… yerdədi…
  • Əlin qalsın əlimdə –
  • Şad olduğu yerdədi.
  • Gözün qalsın gözümdə,
  • Gözüm duru yerdədi…

***

  • Gəlmək var, getmək var, gəlməmək – nədi?
  • Cənnət, cəhənnəm var, dözməmək – nədi?
  • Sən heç bilirsənmi gözləmək nədi?
  • İki söz bilirsən: gözlə, gələcəm…

***

  • Aman, öz yağında bişən, əfəndim,
  • Dayan, göz yaşında üzən, əfəndim,
  • Yeddi qat göylərdən düşüb, elə bil,
  • Özü öz gözündən düşən, əfəndim…

***

  • Gülüm, yaman dolmusan,
  • ağla, gözümə, ağla.
  • Bir işə yaramayan
  • fağır dözümə, ağla…
  • …Qəlbimdə izin olsun,
  • Günahlar bizim olsun;
  • Əlim və dizin olsun,
  • məni özünə bağla…
  • Deynən, qadam bilmişdim,
  • deynən, adam bilmişdim,
  • yanınaca gəlmişdim,
  • Məni xətaya salma,
  • bir də üzünə baxmam…
  • Çox söylə, az eşidim,
  • qışını yaz eşidim,
  • Nə desən naz eşidim,
  • baxma, üzümə baxma…
  • Necə, necə dolmusan,
  • ağla, gözümə ağla.
  • Dözüm dözmədi deynən,
  • fağır dözümə ağla…

Su pərisi

  • Su pərisi, su pərisi,
  • niyə çıxdın göy dənizdən?
  • Sahilləri döyən dalğa
  • ayrılıb sən aybənizdən
  • sənsiz döndü ana suya,
  • səssiz öldü…
  • Daha
  • dönüb,
  • quru yurdun
  • dəli qızı olmuşdun,
  • bizim qara torpaqların
  • pəri qızı olmuşdun…
  • Görürdüm ki,
  • Harda olsa,
  • pəri yenə pəridi…
  • Sonra, sonra…
  • “sonra, sonra” deyə-deyə,
  • bir də baxdım,
  • qaynamışıq-qarışmışıq…
  • Bilməm, niyə Yer üzündə
  • Sular atəşlə rəqs edər?
  • Yoxsa, pərilər suda da
  • atəşdənmi köynək geyər?..
  • Keşkə də, heç qarışmasaq,
  • Keşkə… alışmasaydıq…
  • Əlim çatdı, ünüm yetdi,
  • bir də baxdım,
  • bir də gördüm,
  • sənin torpaq pəriliyin suya dönüb…
  • Su pərisi,
  • mən yenə torpaq oğluyam,
  • sən də yenə,
  • sən də yenə su pərisi olsan, keşkə…
  • Öncə sulardan silkindin,
  • sonra çırpındın torpaqdan,
  • bircə, qanad çıxarmağın qalıb daha,
  • Harayadır yolun, hara? –
  • Sən sudan, torpaqdan əvvəl,
  • Özündən qaçırsan bəlkə?
  • “Torpaq oğlu,
  • daha pəri demə mənə”
  • söyləyirsən;
  • Deyirsən ki,
  • “Yalnız adım Pəri qalıb,
  • yalnız adım…
  • Bircə, çıxsaydı qanadım,
  • Ruhlanardım”!..
  • Sən sudan, torpaqdan deyil,
  • Özündən qaçırsan Pəri;
  • Amma hər gəlişində də,
  • amma hər qaçışında da
  • Can verirsən, can alırsan –
  • Bu, “can alıb, can verməyin”
  • adını sevgi qoyursan…
  • Nə sehirsən,
  • nə ovsunsan?
  • Baxma, sənə şeir yazar,
  • Özü üçün qələm çalmaz
  • bu adam;
  • Sən tərk edən göy dənizə
  • qarmaq atmaz bu adam…
  • Sahilə çıxdığın yerdə
  • bardaş qurar, oturar…
  • Yeni dalğa gəlir gəlsin,
  • yeni pəri gəlməsin,
  • Nə pərilik,
  • nə pərilər heç vaxt adiləşməsin…

Aldanıb açılır

qar çiçəkləri

  • “Düşmənlər ayağa, dost başa baxar” –
  • belə bir söz qonub el yaddaşına.
  • Utandım, üzünə baxa bilmədim,
  • gözlərim yol çəkdi ayaqlarına… –
  • Utandım deyirəm – bu, ilk görüşdü,
  • Düşmən də deyiləm, özün bilirsən.
  • Bir atalar sözü qüvvədən düşdü
  • bizim aramızda, – düzünü gəzsən.
  • Ağmı görməmişik, ya yaraşıqmı..? –
  • yox, sənin ayağın başqadı, başqa…
  • bir bax, öz ürəyin sinəndə vurur,
  • ayrı bir ürək də ayaqlarında…
  • Sən yerə basırsan, ayaqdı, deyib,
  • məncə, bu ayaqlar uçmaq üçündü…
  • Belə ayaqların eşqinə qalxıb,
  • aldanıb açılır qar çiçəkləri…

***

  • Atlar ayaqlandı Altay tərəfdən,
  • Atlar qanadlandı Günbatan səmtə;
  • Soyuqdan əsəndə yüyən tutan əl,
  • Buğ qalxanda atların, adamların
  • ağzından,
  • və sırsıra tutanda kirpikləri-qaşları,
  • at özü qoparıb şah damarını
  • içirtdi qanını süvarilərə…
  • fışqıran o qaynar qanıydı elə –
  • işlədi iliyə, qarışdı qana,
  • azarlar-bezarlar qaçdı ordudan.
  • İgidlər atdan düşüb atlandı yenə;
  • yeni atlar ilə tərpəndi elat.
  • Sonradan uşaqlar atağız oldu,
  • bulaqlar Atbulaq,
  • yollar atyolu,
  • aşırımlar dəyişib Atyalı oldu…
  • Yorğun atlar yetişəndə mənzilə,
  • Günbatan torpağı çiçəkləyirdi.
  • Atımızın təriylə sulanırdı biçənək…
  • O ağır, o ləngər, ahəngli yeriş
  • bərəkət qatırdı torpağa lay-lay…
  • Günbatanda batdılar
  • o igidlər, o atlar,
  • Gün kimi doğsaydılar!..
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png