ONN İnformasiya Agentliyi

Turanın mübarizə yolu və ya sadəcə qız olduğu üçün..

Turanın mübarizə yolu və ya sadəcə qız olduğu üçün..
25 Fevral 2019 - 18:04

…Hələ dünyaya gəlməmiş doğma vətəni, ata-anasının yaşadığı rayon erməni qəsbkarları tərəfindən zəbt edilmişdi, bir il sonra isə, onun anası olacaq on yeddi yaşlı bir dünya gözəlinin öz həyatının axarını müəyyən etmə haqqı zəbtə məruz qaldı, işğaldan baş götürüb gəldikləri qonşu rayonda həmkəndlilərindən özündən beş yaş böyük olan bir oğlan anasını zorla qaçırdı… Simasının nurundan, saflığından anasına bənzəməsi onun taleyini də müəyyən etmişdi. O dünyaya göz açan ən kiçik övlad idi, amma ərköyünlük edib güldüyü, şıltaq uşaqlıq xatirələri əvəzinə beynində körpəliyindən ona zillənmiş buz baxışları – nənəsinin, atasının baxışları canlanırdı. Dünyaya gəldiyi ailə, yaşadığı cəmiyyət ona nifrət edirdi, əsir saxlayırdı sanki… O hərdən düşünürdü, bəlkə o vaxt valideynləri işğal zamanı səhfən azıb düşmən tərəfə keçibdir. Axı bura o müqəddəs Vətənin bir parçası – Azərbaycan ola bilməzdi. O bu cənnət məkanda əsir ola bilməzdi… Mümkün deyildi, amma reallıq idi… – gözləri məchulluq ifadə etdiyi halda universitetin təmtəraqlı iclas salonunda oturub qadınların əzmkar olması gərəkdiyindən danışan gənc xanım mütəxəssisə qeyri-müəyyən tərzdə baxan onun cismiydi həmin anlarda… Sanki salondakı canlı o deyil, hansısa rəssamın çox incəliklə yonduğu, cilaladığı bir dilsiz daş idi. Amma onun ifadəsiz üzünün fonunda necə də möhtəşəm siması var idi, İlahi! Sanki, diqətlə baxarkən, bu heykəl canlanırdı, zahiri pərdə götürülür, dünyanın ən saf, təmiz, məsum gözəlliyi insanı ərşə qaldırır, heykəlin yaradıcısına ixtiyarsız və sonsuz minnətdarlıq hissi aşılayırdı…

Yenə xəyala dalmışdı. Birdən telefona gələn ismarıcdan diksindi və müvəqqəti olaraq fikirdən ayrıldı. Yazan bacılarından biri idi: “Turan, bir saata evdə olar, yoxsa, atamız hamımızın gününü qara edəcək. O forum, konfrans anlamır, sən ALLAH, tez çıx.” İsmarıcı oxuyub, instiktiv olaraq telefonu və əlindəki vərəqləri cəld çantasına qoydu, oturduğu arxa sıradan ayağa qalxaraq bir neçə addım sürətlə irəllədikdən sonra qəflətən ayaq saxladı və bütün salonu təəssüf hissiylə gözdən keçirib köksünü ötürdü… Bu halda neçə saniyə dayandığını deyə bilməzdi. Görünür o söz alıb nəsə demək istəyirdi, amma deyə bilmədi.

Qeyri-ixtiyari olaraq 4 il əvəli xatırladı, atasının və başqa qohumlarının təkidi ilə məcburən istəmədiyi bir ixtisas oxuyurdu onda texnikomda: “ibtidai sinif müəllimliyi”… Özlüyündə “qadın işi” deyib, təəssüflə gülümsündü. Amma yox, o günləri başqa şey idi yadına salan. Bir gün texnikomda sinif rəhbəri onu aktiv olmamaqda günahlandıranda dözə bilməyib coşmuşdu: “ mənim anam on yeddi yaşında qçırılıb. Zorla evlənib, anladınız. Sizin dediyiniz o mükəmməl inkişaf, dünyagörüşünü nə mən, nə də bacılarım nə indiyə qədər, nə də indi ağlımıza gətirə bilirik. Amma bəlkə, oğlan olsaydıq, siz deyən kimi olardı… Onda zəif, hamının yük, partlayacaq bomba – namus obyekti hesab etməzdilər bəlkə. Onda oxuyub “yolunu azacaq” düşüncəsiylə körpəliyimizdən saf üzümüzdə ikrah dolu acı baxışlarının

izlərini həkk etdirməzdilər…” İndi həmin anları düşünəndə tükləri biz-biz oldu və birdən beynində yaranan vəziyyəti aydınlaşdırmaq, bu günə qədər olan hər şeyi xatırlamaq hissi bütün ruhuna, beyninə hakim kəsildi. Bu vaxt onun beyni dünyadakı hər kəsin beynindən daha sürətlə çalışır, “google”dan milyon dəfə daha sürətlə yaddaşın ən alt qatlarını saf- çürük edir, görüntüləri salonun dairəvi divarı boyu əksetdirici kimi canlandırırdı: “…. Hə, onu və bacılarını heç vaxt çox sevməmişdilər. Ataları onlara həmiçə “ikinci sinif məhsul” gözüylə baxmış, bununla yanaşı bu yaşa qədər hər bir hərəkətlərini nəzarət altında saxlamışdı. Əvəzində övladların böyüyü, onların qardaşı onlar özlərini tanıyandan sanki şahın vəziri idi. Ona heç kimin, nə nənəsinin, nə atasının “qaşın üstə gözün var” deməməsi, uşaqlıqdan ailədə anaya, qadına, qıza qarşı gördüyü aşağılayıcı münasibət onu da vecsiz biri etmişdi. Hər gün dərsdən sonra məhəllə dostlarıyla avaralanar, kafelərdə oturub internetdən “qız tutmağın” sirlərini müzakirə edər, hansının daha mahir olduğu üstündə mübahisə edərdilər. Ona görə də qardaşlarını onların halı maraqlandırmır, onlar gəzintiyə, bazara, harasa getmək üçün atalarına yalvaranda etinasızca dayanıb telefonunu qurcalayardı. Amma bütün bunlara baxmayaraq onlar bacarmışdılar: hər üç bacı ali təhsil almağı bacarmışdı. Salonda danışan xanımın sözlərini ani olaraq xatırlasa da, tez də unutdu. Yox, bu tamam başqa şeylər idi. Onların taleyi tamam başqa idi. Böyük bacılarını elin gözünə soxmaq üçün, yaxşı kürəkən tapmaq, həm də evlənənə qədər işləyib evə pul gətirmələri üçün müəllimlik oxutdurmuşdu atası, ona növbə çatanda isə, ona da müəllimlik oxutdurmuşdu, texnikomda, istəmədiyi bir ixtisasda…Bunlar hamısı məcburən olmuşdu. O pis-yaxşı texnikomu bitirəndən sonra atasına, anasına yalvarmışdı ki, o “psixoloji xidmət” ixtisası üzrə ali təhsil almaq istəyir. Amma ona qızsan, otur qal yerində. Oxuduğunu oxumusan, işləməyə və sabah, birigün evlənməyə hazırlaş” demişdi atası… Həm də bəhanə gətirmişdi ki, əsgərdən yeni gələn qardaşının universitetə hazırlaşması üçün hzırlıqlara pul tökürlər, onu da daha dörd il oxutmağa imkanı yoxdur. Beləcə, üç il gözləməli olmuşdu. Amma o həmin ən çətin məqamlarda özündə güc tapa bilmiş, bacardığı qədər mübarizə aparmışdı. Baxmayaraq ki, uşaqlıqdan o, iradəsi sındırılmağa, cəsarətsizliyə öyrədilmişdi… O zaman ona güc verən isə gecə-gündüz ibadət etdiyi ALLAH”ı və o olmuşdu… Bəli, sanki, elə uca ALLAH”ın bir nemətiydi bunca zülmətlərin içərisində hər dəfə xəyalına gələndə könlündə bahar olan “o”su…

Onunla texnikomu bitirən il tanış olmuşdu, daha doğrusu, elə ilk gündən tanıyırdı, onlarla eyni kursda, lakin, başqa bir ixtisasda oxuyurdu. O uzaq rayonlardan birindən idi və ailəsi rayon yerində müəllim qıtlığından orta məktəbdən çıxarıb texnikoma qoymuşdular. Ailəsinin də, özünün də istəyi buranı bitirən kimi universitetə daxil omağını arzulayırdılar. O, üzdən çox mehriban, qıza-qadına hörmət edən, nəzakətli və diqqətli biri təsirini bağışlayırdı, dərslırini də yaxşı oxuyurdu. Əksər qızlardan daha çox ona diqqət eləməsinə baxmayaraq axırıncı kursa qədər

özünün də bəyəndiyi bu cavan oğlana inanmağan qadağan edirdi özünə. Axı o gözünü açıb boynubükük anasını görmüşdü… Bütün kişi cinsinə nifrət edirdi sanki…

Zamanla içindən bir səs şübhələri kənara qoyub ona inanmağı diqtə edirdi. Çox qorxsa da, uzun tərəddüddən sonra bu naməlum səsin ardınca getməyi seçdi: ona inanıb könül verdi…

O istədiyi kimi universitetə qəbul olunmuş, arzusunu reallaşdırmışdı. Turan isə texnikomu bitirib sanki müvəqqəti gəzintidən yenidən kameraya qayıtmışdı. Bununla da düz-əməlli dadmadıqları ilk gəncliyin şirin məhəbbəti ürəklərində qalmışdı.

O da çox istəyirdi ki, Turan oxusun. Buna görə də, şəksiz ki, ALLAH”ın diqtəsiylə düz üç il onun mübarizə yolunda yanında olmuş, hər gün onu yenidən ruhlandırmışdı. Turansa iki illik tərki-dünyalıq “aksiyasından”, məcburi oxutduqları sevə bilmədiyi ixtisasda işləməkdən hər vasitəylə imtana edəndən sonra, – o bütün bu müddət vaxtını ev işləri, yemək bişirmək, romanlar oxumaqla keçirmişdi, ciddi müqavimət göstərib ali məktəbə hazırlaşa bilmədi – nəhayət, üçüncü il bir gün yenə də universitetdən söz düşəndə atasının bir dostu, “mənim uşaqlarım çox savadlıdır, görürsən, hamsı inistut oxuyub ey” deməsi atasının şöhrət hasarlarını darmadağın etmişdi, elə orda, Turana “sən də bu gündən universitetə hazırlaş” demişdi. Bu inanılmaz bir şey idi, necə ola bilərdi… Turan üç il idi mübarizə aparırdı, hətta çox vaxt “O” Turana yenidən məcburi nəfəs vermişdi demək olar, yoxsa, bəlkə də çoxdan ümüdünü üzərdi. İndi isə ALLAH atasının şöhrətpərəstliyi vasitəsiylə ona qapı açmışdı; mübarizəsi, duaları, səbri mükafatını almışdı…

Turan çox böyük həvəslə oxuyurdu. O hətta, hazırlığa da getmir, özü təkbaşına hazırlaşırdı. Onun belə canfəşanlıq eləməsi atasını çox narahat edirdi. Ona görə də bir ay sonra atası şam yeməyində sözü fırladıb onun hazırlaşmasını istəmədiyini dedi. Amma artıq o qədər inam və həvəslə bu yola girişmişdi ki… İlk dəfə cürət edib, yox, söz vermisən mənə, mən də hazırlaşacam dedi. Atası bir az mübahisədən sonra nə düşündüsə, üzündə bir istehzalı təbəssümlə yaxçı, hazırlaş, amma mən universitetə girməyini istəmirəm, onsuz səndə o savad hardan, iki gün qabağına kitab tökməklə girə bilməyəcəksən də. Bununçün hazırlıq lazımdır, hazırlıq!…

Hə, atası, ona görə razılaşmışdı ki, əmin idi ki, Turan adi dərs kitablarını, testləri özü evdə oxumaqla, ya məktəbdən bir-iki müəliminin cüzi köməyiylə onsuz da qəbul oluna bilməyəcək və onda da, onun əlində, bu , hələ inadkarlığı qırılmamış uşağa qarşı ciddi əsası olacaqdı: “mən icazə verdim, amma oxuya bilmədin” deyib gözükölgəli edəcəkdi. Beləcə, hər şey bir neçə aydan sonra həll olunacaqdı.

Amma Turan da atasının simasından bunu oxumuşdu. Dualarını əskiltmədən daha da səylə çalışmış, hər çətinliyində ALLAH”dan nemət olan “O”sundan məsləhət alaraq yıxılmamağı, bacarmağı bacarmışdı. O nəhayət həmin “ölüm

günü”ndən sağ çıxa bilmişdi: “Siz artıq “psixoloji xidmət” ixtisasının tələbəsisiniz! Təbrik edirik!”

Və budur, bu gün o mötəbər bir konfrans nəfəri kimi alimlərin toplaşdığı möhtəşəm salonun ortasında dayanmışdı. İkinci kurs idi. “O”su isə magistr təhsilini bu il başa vuracaq, ona elçi gələcəkdi…

Və yenidən telefonuna gələn ismarıca baxdı… O bunu bacarmışdı, amma buxov hələ də başının üstündə idi, onu qarabaqara izləyirdi. Turan bir də iştirakçıların çaşqın nəzərləri altında salana baxdı və düşündü: yox, günah təkcə kişidə deyil, onu elə yetişdirən anada, qadında, elə qardaşını qadına, qıza etinasızlıq halında tərbiyə edən öz anasındadır… Paxılıq çəkən, aradüzəldən nənlərdə, bibilərdədir, xalalardadır eyni qədər də… – bütün cəmiyyətdədir…

…Soyuqqanlılıqla çevrilib kürsüyə tərəf getdi və orada dayanan xanımdan mikrofonu alıb dedi: “Bütün bunların günahları ayrıca fərdlər, cinslər deyil, hamınızsınız – bu cəmiyyətdir günhakar… Mən, həayatımda bir gün görməyən, heç nədən xəbərsiz, məsum qızcığazkən qəfəsə salınan Turan səni bağışlayıram cəmiyyət! Lakin, Sən özünü özünü bağışla əsası, cahil!!!… Bax, gör bağışlaya, öz eqoistliyindən, yırtıcılığından əl çəkə bilirsənmi? Bax, onda Sən paklanıb ucalacaqsan!…”

Turan xoşbəxt idi. Salondan heç kəsə fikir vermədən çıxıb telefonun menyusunda “O” yazısının üzərinə basdı: “Hə, yaxındasan?! Sənə ehtiyacım var. Dünyadan ayrılıb başımı çiyninə qoyub sonsuz yuxuya getmək istəyirəm… – birdən duruxdu və hıçqırıqla “O”na dedi: – biz belə olmayaq, gələcək fidanlar zəhərlə böyüməsin.”

Hər ikisi telefondan asılı qalıb ağlayırdı…

ADPU-un III tədris ili tələbəsi Taleh MİRZƏYEV

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png