ONN İnformasiya Agentliyi

Uşaq ədəbiyyatına dəyərli töhfə verən şair

Uşaq ədəbiyyatına dəyərli töhfə verən şair
30 Noyabr 2017 - 23:04

İlyasam, el üçün qaynayır qanım:

Elsiz kimə gərək şeirim, dastanım.

(İlyas Tapdıq)

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri də şair İlyas Tapdıqdır. 1934-cü ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə başlayıb. “Uşaqgəncnəşr”, “Azərnəşr”, “Gənclik” nəşriyyatlarında, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1992-1995-ci illərdə “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.

AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair İlyas Tapdığın doğum günüdür. Şairi ən çox gənc oxucular tanıyır. Orta məktəb illərində İlyas Tapdığın şeirlərini oxuyan gənclər onun yaradıcılığından bəhrələnmişlər. İlyas Tapdıq yaradıcılığı zənginliyi ilə seçilir. Onun hər bir şeiri bədii yükü, fəlsəfi zənginliyi, oxunaqlığı və poetik gözəlliyi ilə seçilir.

İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi, söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var…" şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır, orijinallığı ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı, hiyləgər heyvanlarla dostluq edən dovşan fərasətli, qoçaq, sayıqdır. Şairin “Üzüm” şeiridə olduqca maraqlıdır.

ÜZÜM

Düzüm-düzüm

Ağ üzüm,

Günəşin damlasısan,

Sən də ana torpağın

Qənd-şəkər balasısan!

Baxımsız qoymaq olmaz,

Üzümdən doymaq olmaz.

            Şair Azərbaycan poeziyasında Abdulla Şaiqdən sonra uşaq ədəbiyyatına dəyərli töhfələr verən qələm adamı kimi tanınır. O, mənsub olduğu xalqın ədəbiyyatını, folklorunu yorulmadan tədqiq və təbliğ edən bir fikir adamı olaraq çox mənalı və zəngin həyat yolu keçib. Hər bir şeirində uşaqların tərbiyəsi və inkişafı nəzərə alınıb. Şairin “Dəvələr” şeiridə maraqlıdır.

Dəvələr

Nənənin evində gəbə var.

Gəbənin üstündə

dəvə var,

Dəvənin belində

təpə var,

Təpənin üstündə

nəvə var.

Dəvənin yunundan toxunur gəbələr,

Dəvənin üstündə dayanır təpələr,

Təpələr üstündə oynayır nəvələr.

Şairin yaradıcılığında vətən mövzusunda əsərlər mühüm yer tutur.Onun 20 yanvar şəhidlərinə həsr olunmuş "Bir şəhiddir ürəyim" şeirini həyəcansız oxumaq olmur. İ.Tapdığın zəngin söz dünyasından hər kəsə pay düşüb. O, mindən çox nəşrin redaktoru olub, yeni yazmağa başlayan yüzlərlə şairin, gənc qələm adamının kitabına “Ön söz” yazıb, xüsusilə gənclərə öz xeyir-duasını əsirgəməyib. Gədəbəy torpağının gözəlliklərini, uca dağlarının əzəmətini, bulaq suyunun saflığını, çəmən güllərinin xoş rayihəsini şeiriyyata gətirən İlyas Tapdığın özü də başı qarlı dağlar kimi ucalardan uca olub. Şairin şeirlərinin başdan-başa həyata, insanlara sevgidən yoğurulub. Bütün ömrünü aşıq sənətinin təbliğinə, folklorumuza, uşaq ədəbiyyatına, gənc şairlərin yetişməsinə həsr edən şairin xatirəsi hər zaman xatırlanacaq.

Şair 25 dekabr 2016-cı ildə Bakıda vəfat edib. Qəbri Badamdar qəbirstanlığında yerləşir.

Mahmud Əyyub

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png