XAR TUT – YUSİF GÜNAYDIN YAZIR

Yusif Günaydın

“Mozaikalar” düzümündən daha bir yarpaq.

Xəlil Rza Ulutürkün xatirəsinə.

Piyada beş-on dəqiqəlik yol var dəniz sahilinə. Bağlar arası, kəsə gedəndə məsafəni bir az da azaltmaq olar. Səhər çağıdır. Dəniz hələ görünməsə də, arabir külək ləpədöyənin səsini yolumuzun üstünə çıxarır; bu anlar dənizin duzlu nəfəsi üzümüzə dəyir, kirpiklərimizi oxşayır. Hələ bağ mövsümü başlamayıb. Ətraf kimsəsizdir. Arabir gah ucalan – gah da enən quş cəh-cəhi eşidilir. Səhər quşcuğazı həvəslə oxuyur. İkimiz – mən və şair dinməzcə üzü dənizə tərəf irəliləyirik. Azca üşüsəm də, qətiyyətli addımlarla sahilə tələsən şairdən geri qalmamağa çalışıram. Yolumuz atılmış, çəpərsiz bağların içindən keçir. Orda-burda ot-alaq içində boğulan seyrək meynələr, ətrafını qum basmış uçuq-sökük bağ evləri yaz səhərinin xoş, romantik atmosferinə uyuşmur.

Yoxuş başa çatandan sonra qarşımızda geniş bir ərazi açılır. Hansı nadürüstsə sönməmiş siqaret kötüyünü atıb yerə, ya da kibritlə məzələnib. Quru otlar barıt kimi od tutaraq yanıb, qaralıb.Yanmış otların ucları ağdır, külə dönüb. Bu qara səhranın içindən dikələn tənha ağacdan da alov yan keçməyib. Otların üstü ilə iməkləyən od dalğası onun da gövdəsinə daraşıb, köksünü qaraldıb.Üçbucaq şəklində qara bir yara var ağacın sinəsində, bu üçbucaq da bozumtul ağ rənglə haşiyələnib, burada da külləşmə baş verib.
Nə ağacıdır bu görən ? Qulluq görmədiyindən, qayğıdan məhrum olduğundan miskin görkəm alıb, ot-alağın əsirinə çevrilib, sonra da sinəsinə dağ basılıb. Çox da enli olmayan yanmış gövdəsindən sağa-sola uzanan əyriş-üyrüş budaqları çılpaqdır.

Şair ağır-ağır ağacı süzür, sifətinin dəyişən ifadələri gözümdən yayınmır. Heç də ürəyini açmır bu mənzərə. Gözə görünməyən quşcuğaz isə gah susur, gah da öz səhər nəğməsini ucadan davam etdirir. Yerli camaat ona “Çəkçəki” quşu deyir…

Bir il, bəlkə daha artıq bir zaman ötüb o gündən . Bağ mövsümü başlasa da, hələ qonşuların hamısı köçməyib. Sakitlikdir. Səhər çağı şairlə yenə də dənizə yürüşümüz var. Onun dayandığını görüb, mən də ayaq saxlayıram, baxışlarımı o baxan səmtə yönəldirəm. Bir il bundan öncə bağrı dağlanmış ağac demə xar tut ağacıymış. Buna əyriş – üyrüş budaqlardan göyərmiş üç-dörd zümrüd rəngli kiçik yarpaq, ən heyrətamizi isə, səhər günəşinin şəfəqləri altında yaqut kimi parlayan bir- iki tut dənəsi dəlalət edir. Həyat eşqi özünə qayıdan xar tut ağacı bu yerlərin panoramına xoş bir emosional ahəng bəxş edir. Şair yaraları sağalmaqda olan ağacı mənalı baxışlarla süzür. Mən isə yəqin ki, elə bu gün yaranacaq yeni bir şeirin məzmununu onun gözlərindən oxuyuram sanki:

Mənim vətənim də sənin kimidir, dilini kəsirlər, o yenə danışır, qıçlarını qırırlar, yenə yeriyir, bağrına dağ basırlar, yenə də bar verir!
Çəkçəkinin xoş nəğməsi yenə ətrafa yayılmaqdadır…