Bakıda yük maşını körpüdən aşdı – VİDEO

Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təxili olaraq xəstəxanaya çatdırılıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən  verilən məlumata görə, qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb, yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hal-hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.

Qeyd edək ki, ağır tonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub.

ONN media