FHN: Zığ yolu yaxınlığında yaranan uçqun nəticəsində bir nəfər torpaq altında qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

AZƏRTAC-ın verdiyi xəbərə görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Əvvəlcə əməliyyat şəraiti qiymətləndirilib. Hər an yeni torpaq uçqununun yarana biləcəyi təhlükəsi ilə əlaqədar mürəkkəb şərait nəzərə alınaraq, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.