Gürcüstanda soydaşımız 32 min pulla yoxa çıxdı

Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyev itkin düşüb.

ONN media xəbər verir ki, N.Nəbiyev yanvarın 4-də evdən çıxıb və mal-qara almaq üçün başqa rayona yollanıb. Həmin gündən ondan xəbər almaq mümkün olmayıb.

Həyat yoldaşı Kəmalə Qayıbova soydaşımızın mal-qara almaq üçün 32 min lari (18 min manat) pulla yanvarın 4-də Qaracala kəndinə yollandığını bildirib.

O deyib ki, N.Nəbiyev Qaracalada Fərhad Qurbanovla görüşüb və daha sonra mobil telefonu söndürülüb. K.Qayıbova iddia edir ki, F.Qurbanov həyat yoldaşının harada olduğunu bilir.

F.Qurbanov isə öz növbəsində N.Nəbiyevlə görüşdüyünü təkzib etməyib. O deyib ki, yanvarın 4-də onunla görüşüb və sağollaşıb. Qaracala sakini itkin düşən şəxslə arasında heç bir münaqişənin olmadığını da qeyd edib.

Nazim Nəbiyevin itkin düşməsi barədə yaxınları polisə məlumat veriblər.