İmişlidə 5 nəfəri vuran sürücü həbs edilib

İmişlidə bayram günü 5 nəfəri vuran sürücü həbs edilib.

Baş Prokurorluqdan ONN media-ya verilən məlumata görə, dekabrın 31-də saat 20 radələrində İmişli şəhər sakini, 1989-cu il təvəllüdlü Seymur Mehtiyev idarə etdiyi “VAZ-2107” markalı 30 BD 026 dövlət qeydiyyat nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar – Səbuhi Mustafazadə, Sabir Cavadlı, Ruslan Cavadov, Şəhriyar Həsənli və Həsrət Nəsirovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

S.Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.