Sərxoş halda “moyka”dan maşın qaçırdı

Abşeronda sərxoş kişi işlədiyi avtomobil yuma məntəqəsindən maşın qaçırıb.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 22-də saat 9 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində “Changan” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı sürücünün Şərur rayon sakini Rəmzi Əliyev olması və avtomobili sürücülük hüququ olmadan, etibarnaməsiz, sərxoş halda idarə etməsi, həmçinin həmin avtomobili qəsəbə ərazisindəki işlədiyi avtomobil yuma məntəqəsindən qaçırması müəyyən olunub.

R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilib və avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Araşdırma aparılır.