Şamaxıdakı qətl hadisəsi ilə bağlı — Rəsmi məlumat

Daxili İşlər Nazirliyi (DİN) Şamaxıda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN-in mətbuat xidmətindən ONN media-ya daxil olan məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb.

Məlumata görə, yanvarın 18-də Şamaxı şəhər sakini Zaur Hacıyevin odlu silahla qətlə yetirilməsi barədə daxil olan məlumat əsasında rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. Hadisə yerindən nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla “Acıdərə” adlanan ərazidəki fermada çobanlıq edən Zaur Hacıyevi qonşu fermada yaşayan Natiq Bünyadovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qətlə yetirməsi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.