Sirkə turşusu yenə can aldı

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 625 nəfər müraciət edib.

ONN media xəbər verir ki, mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 119-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olunan xəstələrdən 54-ü dərmandan, 37-si sirkə turşusundan, 6-sı etanoldan, 6-sı ilan sancmasından, 2-si göbələkdən, 1-i arı sancmasından, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 9-u allergik reaksiya, 2-si botulizm, 1-i isə anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 60-ı kişi, 40-ı qadın, 19-u isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 6 nəfər sirkə turşusundan, 1 nəfər komatoz vəziyyətdən, 1 nəfər etanoldan, 1 nəfər botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 8-i kişi, 1-i qadındır.