Türkiyədə genişmiqyaslı əməliyyat keçirildi – 1000-dən çox şübhəli saxlanıldı

Türkiyədə cinayətkarların tutulması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Musavat.com-un məlumatına görə, əməliyyat nəticəsində müxtəlif cinayətlərdən axtarışda olan 1000-dən çox adam saxlanılıb. Əməliyyat Baş Polis İdarəsinin Asayiş Dairəsi tərəfindən aparılıb. Oğurluq cinayəti də daxil olmaqla axtarışda olanların tutulub ədalətə təhvil verilməsi məqsədilə keçirilən əməliyyatda 2419 qrup, ümumilikdə isə 6649 polis iştirak edib. Türkiyənin müxtəlif bölgələrində 2741 ünvana eyni vaxtda basqın təşkil edilib.

Nəticədə, oğurluqda şübhəli bilinən 282, qətldə şübhəli olan 11, quldurluqla suçlanan 22, yaralama cinayətindən 120, cinsi istismar və pedofillikdə şübhəli bilinən 23, silah qaçaqçılığı və terrorla əlaqəli 2, silahla təhdiddən 14, dələduzluqda günahlandırılan 39, narkotik ticarəti ilə məşğul olan 39 nəfər və digər maddələrlə günahlandırılan ümumilikdə 1051 nəfər saxlanılıb.