Yeni ilin ilk gününün havası: Bakıda külək, yağış, rayonlarda qar

Yeni ilin ilk günü – 2018-ci il yanvarın 1-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Bakıda və yarımadada gecə 5-7°, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək – 766 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 1-də Azərbaycan rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6°, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.