ONN İnformasiya Agentliyi

Bakı buna görə Avropada birincidir – Avro-2020

Bakı buna görə Avropada birincidir – Avro-2020
22 Noyabr 2019 - 20:01

Avro-2020-nin qrup mərhələsinin Bakı Olimpiya Stadionunda keçiriləcək üç, eləcə də dörddəbir final mərhələsinin bir oyunu ilə əlaqədar yaradılmış əməliyyat qrupu tədbirə hazırlıq məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək Bakının 18 ali təhsil ocağında tələbələr, tələbə gənclər təşkilatları və müəllim heyəti üçün könüllülər proqramının təqdimatını keçirib.

ONN media  xəbər verir ki, 5 mindən çox tələbənin iştirak etdiyi təqdimatlarda Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, könüllülər proqramının ötənilki uğurları, eləcə də Avro-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Tədbirlərdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA əməkdaşları, Avro-2020 Təşkilat Komitəsinin nümayəndəsi, eyni zamanda, könüllülər proqramının səfiri Taleh Yüzbəyov da iştirak ediblər. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübə və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Könüllülər proqramına qeydiyyat prosesi üçün son müraciət tarixi noyabrın 30-dur. Bugünədək 6 mindən çox könüllü qeydiyyata alınıb ki, Bakı bu göstərici üzrə Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında birincidir.

Proqramın müsahibə mərhələsinə sentyabrın 30-dan start verilib. Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində dekabrın 28-dək davam edəcək müsahibə mərhələsində bugünədək 4000-dən çox namizəd iştirak edib. Qeydiyyat üçün müraciət edən könüllülər arasında 15-dən artıq ölkəni əhatə edən 600-ə yaxın beynəlxalq namizəd var. Onlar əsasən Ukraynadan, Rusiyadan və Asiya ölkələrindəndir. Hazırda həmin könüllülərlə də onlayn müsahibələr təşkil olunur. Yekunda 300 beynəlxalq könüllünün seçilməsi nəzərdə tutulub.

Proqram haqqında ətraflı məlumat Bakı Avro-2020-nin rəsmi veb-saytı – euro2020.affa.az səhifəsində yerləşdirilib.

Könüllülər proqramına tələbələrlə yanaşı, bu idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəs müraciət edə bilər.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png